AÇG-də neftvermə əmsalının 40 %-dən çox olması hədəflənir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda neftvermə əmsalının 40 %-dən çox olmasını hədəfləyir.

Bunu SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "AÇG-də hasilata dəstək: Yeni yanaşmalar və texnologiyalar" tədbirində deyib.

Onun sözlərinə görə, AÇG təkcə Azərbaycan üçün deyil, dünya miqyasında da əsas aktivlərdən biridir: "Bu yataq milyardlarla barel neft ehtiva edir. İndiyədək yataqdan milyardlarla barel neft hasil edilib və qarşıda hələ hasil olunacaq milyardlarla barel neft ehtiyatı var".

O qeyd edib ki, rezervuar xüsusiyyətlərinə görə AÇG dünyanın ən qabaqcıl aktivlərindən biridir: "Neft yatağından danışarkən keçiricilik, məsaməlilik, yatağın ölçüsü və digər bu kimi parametrlər mühüm rol oynayır. Əlbəttə ki, bu, sirr deyil, yataq hasilatın pik həddinə çatıb və hazırda təbii tənəzzül mərhələsini yaşayır. SOCAR-ın qarşısında duran əsas çağırış isə bu aktivdən maksimum dəyərin necə əldə olunmasını təmin etməkdir. Biz bu prosesi fərqli şəkildə də həyata keçirə bilərdik. Məsələn, müstəqil təhlillər apararaq öz qiymətləndirmələrimizi hazırlaya bilərdik. Lakin bu yanaşmanı seçmədik. Qərara gəldik ki, operator BP ilə birlikdə işləyək və yatağın son neftvermə əmsalının hansı səviyyədə ola biləcəyini müəyyənləşdirək. Bu, layihəyə yanaşmamızın əsas istiqamətlərindən biridir. Bəs bu yataq üçün son neftvermə əmsalı nə qədər olmalıdır? Operatorun bu məsələdə öz baxışı, bizim isə fərqli yanaşmamız ola bilərdi. Lakin nəticədə neftin keyfiyyətini və mövcud infrastrukturumuzu nəzərə alaraq, bu göstəricinin 40 faizdən yüksək ola biləcəyi qənaətinə gəldik. Qeyd edim ki, 40 faizdən yüksək son neftvermə əmsalı neft yataqları üçün dünya miqyasında ən yüksək göstəricilərdən biridir".

B. Hüseynov bildirib ki, beləliklə, bu məsələdə ortaq razılığa gəlilib: "Bundan əlavə, qarşıya qoyulan məqsədə nail olmaq üçün yerin altındakı süxurlar və rezervuarla bağlı genişmiqyaslı seysmik tədqiqatlar aparılır. Lakin SOCAR-ın bu prosesdə atdığı ən mühüm addımlardan biri BP-yə yanaşmamızı aydın şəkildə çatdırmaq oldu. Biz bildirdik ki, texniki baxımdan mümkün olan layihələri iqtisadi cəhətdən sərfəli olmadığı üçün kənara qoymaq olmaz. İqtisadi məsələlərdən danışmaq əvəzinə, ilk növbədə texniki baxımdan nələrin mümkün olduğunu müəyyənləşdirmək lazımdır. Təbii ki, bu prosesdə biz də öz müstəqil texniki rəyimizi ortaya qoyduq".

O qeyd edib ki, beləliklə, AÇG-nin canlandırılması istiqamətində görülən işlər SOCAR və BP-nin birgə fəaliyyətinin nəticəsidir: "SOCAR Azərbaycanın ən böyük sərvətlərindən biri olan bu yatağın potensialına dair müstəqil texniki baxış formalaşdırdı. Bundan sonra isə bütün layihələrin siyahısını texniki detallara varmadan birgə müəyyənləşdirdik və onların icrasına başladıq".