Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin dəyəri 14,3 milyard manata çatıb

2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin dəyəri 14 milyard 288 mln 800 manat təşkil edib. Xidmətlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,2% artıb.

Dövlət Statistika Komitəsinə istinadən, xidmətlərin ümumi dəyərinin 8 milyard 546 mln manatı , yəni 59,8% yükdaşımaların, 3 milyard 860 mln manatı 27%-i sərnişindaşımaların, 1 milyard 882 mln manatı 13,2% isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşmüşdür.

Əlavə olaraq, ilin ilk on ayında ölkə üzrə 205,1 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövründən 3,4% çoxdur. Yüklərin 63,5%-i avtomobil nəqliyyatı, 25%-i boru kəmərləri, 7,6%-i dəmir yolu, 3,7%-i dəniz, 0,2%-i isə hava nəqliyyatı ilə daşınıb. Sərnişindaşımaların sayı 9,9% artaraq 1 milyard 861 mln 900 minə çatıb. Sərnişinlərin 90%-i avtomobil nəqliyyatı, 9,3%-i isə metro ilə daşınıb.

Digər tərəfdən isə, “Azərbaycan Dəmir Yolları” QSC (ADY) eyni dövrdə 15 milyon 691 min ton yük daşıyıb. Şirkətin yükdaşıma həcmi 13% artıb və ölkə üzrə 3,4%-lik artım tempini üstələyib. Tranzit daşımaları 20% artaraq 6 milyon 582 min tona çatıb və ADY-nin daşıdığı yükün təxminən 42%-ni təşkil edib. Konteyner daşımaları isə 18% artaraq 132 500 TEU-ya yüksəlib.