“Azərbaycan-Ermənistan sazişinin imzalanması üçün regionda əvvəlkindən daha əlverişli siyasi şərait yaranıb...”

“Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ artıq görüşlərin keçirilməsi deyil, həmin görüşlərdə əldə olunan razılaşmaların konkret siyasi və hüquqi nəticələrə çevrilməsidir...”

Ermənistanın KTMT-dən çıxmaq ehtimalının gündəmdə olduğu bir vaxtda Nikol Paşinyanın Moskva sammitində iştirak etmək əvəzinə Türkiyəyə- Antalyaya səfər etməsi, burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi, ardınca isə Dublində yenidən Əliyevlə təmasda olması regionda yeni siyasi reallığın formalaşdığı təəssüratını yaradır. Görəsən, bu diplomatik təmaslar Azərbaycan-Ermənistan münasibətlərində real və davamlı sülhə keçidin əlamətidir, yoxsa hələlik geosiyasi manevrlər xarakteri daşıyır? Ermənistanın KTMT-dən uzaqlaşması və Türkiyə-Azərbaycan xətti ilə münasibətləri normallaşdırmaq cəhdləri sülh sazişinin imzalanmasını sürətləndirə bilərmi?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlilçi, konflktoloq Əli Əskərli bunları söyləyib:

“Hesab edirəm ki, baş verənləri regionda yeni siyasi reallığın formalaşması kimi qiymətləndirmək olar. Ancaq bunu hələ davamlı sülhün təmin olunması ilə eyniləşdirmək düzgün olmaz. Burada iki proses görürük: Ermənistanın Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik sistemindən uzaqlaşması və Cənubi Qafqazda Türkiyə-Azərbaycan xətti ilə formalaşan yeni regional düzənə uyğunlaşmağa məcbur olması...

Paşinyanın Moskva sammitində iştirak etməməsi, bunun əvəzində Antalyada Ərdoğanla görüşməsi, şübhəsiz ki, siyasi və diplomatik baxımdan simvolik hadisədir. Ermənistan artıq Rusiyanın təhlükəsizlik çətirinə əvvəlki kimi güvənmir. Ancaq mən bunu Ermənistanın Rusiyadan birdəfəlik qopması kimi deyil, Moskvanın təsir imkanlarının azaldığı bir şəraitdə Irəvanın alternativ siyasi və təhlükəsizlik dayaqları axtarması kimi qiymətləndirərdim. Üstəlik, Ermənistanın KTMT-dən rəsmən çıxmaq üçün müraciət etməməsi göstərir ki, siyasi bəyanatlarla real qərarlar arasında hələ müəyyən məsafə var...

Digər tərəfdən, Ermənistanın Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaq cəhdləri də yalnız xoşməramlı diplomatiyanın nəticəsi deyil. Bu həm də geo-siyasi zərurətdir. Ermənistan başa düşür ki, Türkiyə ilə sərhədlərin bağlı qalması, Azərbaycanla düşmənçilik vəziyyətinin davam etməsi onun iqtisadi və siyasi imkanlarını məhdudlaşdırır. Regionda yaranan yeni nəqliyyat, enerji və ticarət imkanlarından kənarda qalmaq Ermənistan üçün getdikcə daha baha başa gəlir...

Ancaq bir məqamı açıq demək lazımdır: Ermənistanın Rusiyadan uzaqlaşması avtomatik olaraq Azərbaycana yaxınlaşması demək deyil. Eyni zamanda, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyi də Azərbaycanla bütün problemləri həll etməyə hazır olmaq anlamına gəlmir. Paşinyan hökuməti bir tərəfdən Qərblə yaxınlaşmağa, digər tərəfdən Rusiya ilə iqtisadi əlaqələrini qorumağa, paralel olaraq Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa çalışır. Bu, çoxvektorlu siyasətdir. Irəvanın məqsədi bir geo-siyasi mərkəzdən asılılığını azaltmaqdır. Bu siyasətin nə qədər ardıcıl və davamlı olacağını zaman göstərəcək...

Fikrimcə, Azərbaycan-Ermənistan münasibətlərində əsas məsələ artıq görüşlərin keçirilməsi deyil, həmin görüşlərdə əldə olunan razılaşmaların konkret siyasi və hüquqi nəticələrə çevrilməsidir. Liderlərin görüşməsi, əl sıxması və bəyanatlar verməsi vacibdir, amma bunlar özlüyündə sülh yaratmır. Sülh sazişinin imzalanması, dövlət sərhədlərinin delimitasiyası, nəqliyyat kommunikasiyalarının qarşılıqlı suverenlik və təhlükəsizlik prinsipləri əsasında açılması, ərazi iddialarına son qoyulması və əldə edilmiş razılaşmaların icrası əsas göstəricilər olmalıdır...

Azərbaycan üçün də mühüm bir məqam var: sülh yalnız Ermənistanın Rusiyadan uzaqlaşması və ya Qərbə yaxınlaşması üzərində qurula bilməz. Bakı üçün əsas olan Ermənistanın hansı geo-siyasi mərkəzə yaxınlaşması deyil, Azərbaycanla münasibətlərdə hansı konkret öhdəlikləri qəbul etməsidir. Başqa sözlə, geo-siyasi istiqamətin dəyişməsi sülhün əvəzi deyil, lakin sülh prosesi üçün vacibdir...

Hesab edirəm ki, hazırda regionda sülh üçün əvvəlkindən daha əlverişli siyasi şərait yaranıb. Lakin bu imkanın davamlı sülhə çevrilməsi üçün Ermənistanın siyasi iradəsi, cəmiyyətin revanşist düşüncələrdən uzaqlaşması və əldə edilmiş razılaşmaların hüquqi təminatı vacibdir. Eyni zamanda, Azərbaycan da sülhün real nəticələrini görmək istəyir və bu məsələdə tərəflər qarşılıqlılıq prinsipindən geri çəkilməməlidir.

Bir sözlə, baş verənləri nə sadəcə diplomatik manevr, nə də artıq təmin olunmuş sülh kimi qiymətləndirmək doğrudur. Bu, Ermənistanın dəyişən regional reallığa uyğunlaşmaq cəhdidir. Ancaq sülhün taleyini Antalyada və ya Dublində keçirilən görüşlər deyil, İrəvanın qəbul edəcəyi konkret qərarlar və onların icrası müəyyən edəcək. Diplomatiya qapını aça bilər, amma sülhü yalnız siyasi iradə, qarşılıqlı öhdəliklər və onların yerinə yetirilməsi təmin edə bilər..."