Tarixçi: “İrəvan xanları türk olub, Göy Məscid də bizim irsimizdir!” – VİDEO

“Bu fitnə aradan qalxmazsa, Azərbaycan öz milli irsini hər cür vasitə ilə qorumağa qadirdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında “Çapar” Milli İrsin Tədqiqi Mərkəzinin sədri, tarixçi Dilqəm Əhməd bildirib.

Tanınmış tarixçi İrəvanda yerləşən Göy Məscidə İran rəsmilərinin də iştirakı ilə erməni şairinin adının verilməsini tarixi saxtalaşdırmaq və Azərbaycan irsini aradan qaldırmağa cəhd kimi dəyərləndirərək baş verənləri sərt qınayıb:

“Göy məscid tarixi Azərbaycan şəhəri olan İrəvandakı mövcud yeganə islami simvoldur. Çünki xanlığın işğalından başlayan və Ararat Respublikasının qurulması ilə bitən dövrdə Azərbaycan türklərinə aid hər şey zaman içərisində dağıdılıb, təhrif edilib. Məqsəd bölgəni türksüzləşdirmək, müsəlmansızlaşdırmaq olub. İrəvan xanının göstərişi ilə tikilən bu məscid bizim tarixi irsimizdir, mirasımızdır. Bu irsin dağıdılmasında, məhv edilməsində özünə İslam Respublikası deyən bir dövlətin iştirak etməsi də ayrıca bir faciədir. Qarabağdakı məscidlərimiz axurlara çevriləndə İran dövləti susqun qalmışdı. İndi də ermənilərin bu çirkin əməlinə alət olurlar. Ermənilər iddia edirlər ki, guya bu məscid farslara aiddir. Halbuki İrəvan xanlığı Nadir şahın vəfatından sonra qurulmuş bir Azərbaycan xanlığıdır, İrəvan xanları da türk əsilli xanlardır. Bu məsələdə ermənilərlə farsları birləşdirən nöqtə isə müstəqil, güclü, qalib Azərbaycana qarşı duyduqları kindir. Digər tərəfdən, hər bir dövlət öz ərazisindəki başqa xalqlara aid abidələrə hörmətlə yanaşmalı, əxlaqi-etik dəyərlərə diqqət etməlidir. Ümid edirik ki, qısa zamanda bu fitnə ortadan qalxar, əks halda Azərbaycan öz milli irsini hər cür vasitə ilə qorumağa qadirdir”.