İsrailin yeni parlamenti haqda maraqlı statistika – Neçə deputatın ali təh…

İsraildə parlamentin (Knesset) 27 oktyabr seçkisi nəticəsində formalaşmış yeni tərkibi fəaliyyətə başlayıb.

120 deputatdan 101-i yəhudi, 17-si ərəb, 2-si druzdur.

87 deputat kişidir. Bununla belə, Knessetin yeni tərkibində qadınların sayının 33 nəfərə çatması İsrail parlamentinin tarixində ən yüksək göstəricidir.

Deputatların orta yaşı 53,3-dür. Yalnız 12 nəfərin yaşı 40-dan aşağıdır.

Kişi deputatların 64 nəfəri ali təhsillidir, onlardan 41-i magistr və ya doktorluq dərəcəsi alıb.

Qadınların 32-si ali təhsillidir, onlardan 26 nəfəri magistr və ya doktorluq dərəcəsinə malikdir.

Beləliklə, 120 deputatdan 96-sı ali təhsillidir. 24 nəfərin (23-ü kişidir) isə ali təhsili yoxdur.

Hərbi xidmətə gəlincə, qadınlarla kişilərin göstəriciləri demək olar bərabərdir: həm qadınların, həm də kişilərin təxminən 74 faizi İsrail Müdafiə Ordusunda xidmət edib. Ancaq kişilər arasında döyüş bölmələrində xidmət edənlərin sayı daha çoxdur - 37 nəfər. Qadın deputatlardan yalnız 1 nəfər döyüş bölmələrində hərbi xidmət keçib.

Knesset proporsional seçki sistemi əsasında formalaşır.

Benyamin Netanyahunun rəhbərlik etdiyi hakim blok 53 mandat əldə edib. Likud Partiyası 26, Birləşmiş Tora Yəhudiliyi Partiyası 7, ŞAŞ Partiyası 7, Yəhudi Gücü Partiyası 7, Dini Sionist Partiyası isə 6 mandat qazanıb.

Qadi Eyzenkotun rəhbərlik etdiyi müxalif blokun 48 mandatı var. Yaşar Partiyası 21, Birlikdə ittifaqı 11, Demokratlar Partiyası 8, İsrail – Bizim Evimiz Partiyası 8 mandat əldə edib.

Ərəb partiyalarından Birləşmiş Siyahı 12, RAAM Partiyası isə 7 mandat qazanıb. Beləliklə, ərəb partiyalarının ümumi mandat sayı 19-a çatır.

Hökumət qurmaq üçün parlament üzvlərinin azı 61-nin dəstəyini qazanmaq lazımdır.

Prezident İshak Hersoq yeni hökuməti formalaşdırmağı Qadi Eyzenkota həvalə edib. Hazırda Eyzenkot hökumət qurmaq üçün bir sıra siyasi partiyaların liderləri ilə danışıqlar aparır.