Albaniyada Zəfər Gününün altıncı ildönümü muğam konserti ilə qeyd olunub - FOTOLAR

Albaniyanın Korça şəhərində 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş mədəni tədbir keçirilib. Azərbaycan Respublikasının Albaniyadakı Səfirliyi və Korça Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan muğamı, milli musiqilər və Zəfər ruhlu nəğmələr səsləndirilib.

Konsert proqramında IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, gənc xanəndə Yusif Cəfərbəyli çıxış edib. Onu tarda Rüstəm Müslümov, kamançada Abid Çələbiyev və nağarada Vüsal Bayramov müşayiət ediblər.

Proqram çərçivəsində Azərbaycan muğamları və milli musiqilərlə yanaşı, Zəfər Gününə həsr olunmuş nəğmələr də ifa edilib. Konsertin maraqlı məqamlarından biri isə alban xalqına məxsus musiqi nümunələrinin Azərbaycan ifaçıları tərəfindən təqdim olunması olub.

Korçada Azərbaycan-Albaniya mədəni əlaqələri vurğulanıb

Tədbirdə Korça bölgəsinin valisi Florinda Zequllay, şəhərin meri Sotiraq Filo, regionun müxtəlif şəhər və rayonlarından olan yüksəkvəzifəli şəxslər, akademik dairələrin nümayəndələri, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov çıxışında Zəfər Gününün tarixi əhəmiyyətindən bəhs edib və bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.

Korça şəhərinin meri Sotiraq Filo isə açılış nitqində tədbirin Azərbaycan və Albaniya arasında mədəni əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan muğamı yerli ictimaiyyətin marağına səbəb olub

Konsert proqramı yerli ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Tədbir iştirakçıları gələcəkdə də Azərbaycan və Albaniya arasında mədəni mübadiləni təşviq edən bu cür proqramların təşkil olunmasını arzuladıqlarını bildiriblər.

Tədbirin sonunda ifaçılar Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov tərəfindən Təşəkkürnamə ilə təltif olunublar. Daha sonra xatirə fotoları çəkdirilib.

Konsertdən sonra səfirlik tərəfindən qonaqların şərəfinə ziyafət təşkil edilib.

Qeyd edək ki, tədbir Albaniyanın “RTSH KORÇA” televiziyası və yerli media vasitəsilə geniş işıqlandırılıb.