Deputat bu hərbçilərə pul verilməsini təklif edir

“Büdcədən hərbçilərin mənizllə təmin olunması üçün 30 milyon manat ayrılacaq. Düşünürəm ki, bu olduqca kiçik bir vəsaitdir. Bizim hərbçilər onsuz da yaşa dolurlar, bəziləri hətta övladlaırnı evləndirir, yaxud ərə verir. Amma onlar illərlə mənzil almaq üçün gözləyirlər”.

Bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin birgə komitələrin iclasında büdcənin müzakirəsi zamanı deyib.

Onun iddiasına görə, hazırda nə qədər ehtiyatda olan hərbçinin mənzil növbəsində dayandığı da məlum deyil:

“İldə onların nə qədəri mənzillə təmin olunur? Bu siyahı hansı sürətlə böyüyür. Bu problemi nə zaman həll eləyə biləcəyik? Düşünürəm ki, bu məsələlər hökumətin ciddi müzakirə mövzusu olmalıdır”.

Q.Həsənquliyev hərbçilərə mənzil əvəzinə pul verilməsini təklfi edib.

“Hökumət bu barədə düşünməlidir. Onlar istədiyi yerdən gedib, bəlkə də valideynlərinə yaxın bir yerdən mənzil almaq istəyirlər, yaxud kənddə gedib torpaq alıb ev tikmək istəyirlər. Yəni vəsait verilsin, qoysunlar gedib özləri o evləri alsınlar. İndi elə yerdə bəzən evlər tikilir ki, heç onlar həmin ərazidə yaşamaq istəmirlər”.