ABŞ-da federal hakim prezident Donald Trampın BBC-yə qarşı 10 milyard dollarlıq təzminat iddiası ilə bağlı məhkəmə prosesinin davam etdirilməsinə qərar verib.
Florida dairə hakimi Cefri Kuntz BBC-nin iddianın rədd edilməsi barədə vəsatətini təmin etməyib.
Hakim Trampın ştatın Haqsız Ticarət Təcrübələri haqqında Qanununun pozulması ilə bağlı ittihamını qəbul etməsə də, böhtan iddialarının məhkəmə prosesinin davam etdirilməsi üçün kifayət qədər hüquqi əsasa malik olduğunu bildirib.
Tramp qərarı sosial şəbəkədə “Böyük qələbə” adlandırıb. Onun dekabrın 11-dək and içərək ifadə verməsi gözlənilir.
Qeyd edək ki, Tramp BBC-ni 2021-ci il yanvarın 6-da Kapitoliyə hücumdan əvvəlki çıxışını sənədli filmdə montaj edərək kontekstdən çıxarmaqda ittiham edir. BBC müxtəlif vaxtlarda etdiyi iki çıxışı birləşdirərək Trampın tərəfdarlarını Kapitoliyə yürüş etməyə və mübarizə aparmağa çağırdığı təəssüratını yaradıb.
Montaj qalmaqalından sonra BBC-nin baş direktoru Tim Deyvi və Xəbərlər departamentinin rəhbəri Debora Törness istefa veriblər. BBC montaja görə üzr istəsə də, Trampın təzminat tələbini qəbul etməyib.
Tramp böhtana görə 5 milyard dollar, Florida ştatının ticarət qanunvericiliyinin pozulmasına görə isə daha 5 milyard dollar olmaqla, ümumilikdə 10 milyard dollar təzminat tələb edir.