Ukraynanın “Polissiya” klubu “Qarabağ”ın futbolçusu Aleksey Kaşukun transferi ilə yenidən maraqlanır.
Bu barədə Ukrayna mətbuatına açıqlamasında jurnalist İqor Burbas məlumat verib.
Onun sözlərinə görə, Jitomir təmsilçisi Kaşuku uzun müddətdir diqqətdə saxlayır. Klub ötən yay da ukraynalı vingerlə Leandro Andrade arasında seçim edib və nəticədə legioneri transfer etməyə üstünlük verib.
Burbasın fikrincə, “Polissiya” yaxın aylarda Kaşukun namizədliyinə yenidən qayıda bilər. Buna səbəb futbolçunun “Qarabağ”la müqaviləsinin 6 ay sonra başa çatmasıdır. Bu isə onun gələcəkdə azad agent kimi transfer olunmasına imkan yarada bilər.
Jurnalist qeyd edib ki, “Polissiya”nın baş məşqçisi Ruslan Rotan Kaşukun imkanlarına yaxından bələddir. Onlar daha əvvəl Ukraynanın gənclər və olimpiya yığmalarında birlikdə çalışıblar. Bu səbəbdən mütəxəssis futbolçunun komandaya cəlb edilməsinə müsbət yanaşır.
26 yaşlı Aleksey Kaşuk noyabrda ilk dəfə Ukrayna milli komandasına dəvət alıb. O, cari mövsümdə “Qarabağ”ın heyətində bütün turnirlərdə 18 oyuna çıxaraq 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı futbolçunun bazar dəyərini 1,5 milyon avro qiymətləndirir.