İrəvandakı Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi, xatirə lövhəsinin açılması və gələcəkdə büstünün qoyulmasının planlaşdırılması tarixi-mədəni irsin mənsubiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Xüsusilə İranın vitse-prezidentinin tədbirdə iştirakı və məscidin İran-Ermənistanın ortaq irsi kimi təqdim edilməsi Azərbaycanın tarixi irsinin beynəlxalq səviyyədə tanıdılması məsələsini də aktuallaşdırıb.
Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin müavini Bəxtiyar Nəcəfov bildirib ki, erməni xisləti dəyişməz olaraq qalır:
"Bu gün ermənilər gücləri azdır deyə özlərini dünyaya fərqli göstərirlər. Bu millət dəyişən deyil. Heç Göy məscid yox, başqa məscid olsun, harada yazılıb ki, məscidin salonuna ad və büst qoyalar? Dinimizdə, əqidəmizdə olmayan işə əl atırlar. Onlar təkcə İrəvanda 10 məscidimizi yerlə-yeksan ediblər. Təpəbaşı məscidini şərab içilən yer ediblər, 30 il məscidlərimizdə donuz saxlayıblar. Bütün bu hərəkətlərin fonunda bugünkü addımları çox kiçikdir. Azərbaycanın milli-mədəni irsini, dini dəyərlərimizi erməni vandalları məhv etməyə cəhd göstəriblər. Erməni ermənidir, yenə də öz iç üzlərini, xislətlərini göstərirlər".
Şeyxin müavini din adamlarının, Qafqaz Müsəlmanları İdarəsinin faktlara əsaslanaraq addımlar atdığını söyləyib:
"Bir neçə gün öncə təqdimatı olan "İrəvan qazılığının tarixi" adlı kitab tarixi faktlara söykənilib. Ona görə də ermənilər bunu qəbul edə bilmirlər. Onlar həzm edə bilmirlər ki, İrəvan tarixən azərbaycanlıların yaşadığı, məskunlaşdığı ərazi olub. Orada bizim dini, mədəni irsimizin olması buna sübutdur. İrəvandakı abidələrin hamısı tarixən bizə aiddir, bu fakt danılmazdır. Göy məscidin Azərbaycan memarlıq üslubunda Pənahəli xanın tikdirdiyi məscid olduğunu tarix yazır və bu gün bütün dünya bunu bilir. Bunu necə başqa adla təqdim etmək olar? Kim başqa ad verirsə və belə tədbirlərdə iştirak edirsə, insafsızlıq edir".
B.Nəcəfov İranın vitse-prezidentinin tədbirdə şəxsən iştirak etməsi ilə bağlı isə bunları deyib:
"Bu, düz iş deyil. Burada hansı qardaşlıqdan, hansı İslamdan, hansı əqidədən söhbət gedə bilər? Düzdür, biz tolerantlığın və sülhün tərəfdarıyıq. Amma bu gün hansısa dövlətin yüksək vəzifəli şəxsinin Azərbaycana aid olan bir yerdə belə bir tədbirdə iştirakı təəssüf doğurur. Din adamları həmişə deyirlər ki, gəlin, siz də, biz də tarixi faktlarımızı ortaya qoyaq. Orada nə vaxtdan mövcud olduğumuzu, hansı işləri gördüyümüzü göstərək".
Şeyxin müavini bunun nümunəsi olaraq Qərbi Azərbaycana qayıdış konsepsiyası ilə hərəkət edildiyini deyib:
"Bu gün bütün iş üslubumuz Qərbi Azərbaycana qayıdış konsepsiyasının üzərindədir. Fikirlərimizi, həqiqətləri təhrif etmədən dünyaya çatdıraq. Biz indiyə kimi İrəvanla, Qərbi Azərbaycanla bağlı heç bir tarixi faktı təhrif etməmişik. "İrəvan qazılığının tarixi" kitabında Azərbaycan tarixi arxivindən çox cüzi istifadə olunub. Burada Gürcüstan, İstanbul və Rusiya arxivlərindən Şeyx Həzrətlərinin əldə edib gətirdiyi tarixi obyektiv faktlar var. Hər hansı çatışmazlıq, neqativ hal varsa, ona cavab versinlər. Yoxsa gerçəyimizin, həqiqətimizin üstünü örtüb məscidlərimizə başqa ad vermək onların özlərini aşağılayır. Onlar olmayan şeyi necə deyə bilərlər? Bununla özlərini çətinə salacaqlar. Bu gün hansı məscidin, kilsənin guşəsinə şair adı verilib? Bu, gülünc bir vəziyyətdir. Yenə deyirəm, adı üstündə, ermənidir, erməni heç vaxt dəyişməyəcək. Yetər ki, əqidəmizlə, sözümüzlə cənab Prezidentin apardığı Qərbi Azərbaycana Qayıdış konsepsiyasının ardınca hərəkət edək. İnşallah, həqiqət bizimkidir".
İranın bizimlə tarixi və kök bağlılığı olan qonşu dövlət olduğunu vurğulayan B.Nəcəfov əlavə edib:
"Amma bu gün İran siyasətçilərinin Azərbaycana aid olan, xüsusilə dini, əqidə ilə bağlı abidəyə hansısa erməni şairinin adının verilməsində iştirakı və İranın yüksək vəzifəli şəxslərinin orada iştirakı təbii ki, biz azərbaycanlılar və din adamları üçün xoş qarşılanmır. Mən bunu hələ dini nöqteyi-nəzərdən deyirəm. Heç siyasətçi olmasam da, əqidə sahibi kimi qəbul edə bilmərik ki, məscidə şair adı verilsin. Məscidə də şair adı verilər, şairin atributu qoyarlar? Məsciddə bunun nə işi qalıb?" - deyə o bildirib.