"Əgər güzgüdə görüntünü dəyişib, reallığı dəyişməsək, ölkə daha innovativ görünə bilər — amma daha innovativ olmaz..."
"Reytinq məqsəd deyil, elmi məhsuldarlığın nəticəsi olmalıdır..."
"Azərbaycan elminin “göstərici iqtisadiyyatı”na yox, “nəticə iqtisadiyyatı”na ehtiyacı var..."
"Başqa bir təhlükəli paradoks da göz önündədir..."
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Yüksək reytinq- zəif elm: Xarici alimlərin adları ilə milli elmi reytinq yaratmaq nə dərəcədə doğrudur?..” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan elminin qarşısında duran əsas məsələ bu gün sadəcə beynəlxalq reytinqlərdə daha yüksək yer tutmaq deyil. Mühüm olan ölkədə yeni bilik, texnologiya, innovasiya, patent, yüksək əlavə dəyər yaradan məhsul və insan kapitalı formalaşdırmaqdır.
Prezident İlham Əliyev 2025-ci il noyabrın 3-də AMEA-nın 80 illik yubiley yığıncağında çıxışında bu məsələyə prinsipial yanaşma ortaya qoydu. Dövlət başçısı qeyd etdi ki, XXI əsrdə ölkələrin inkişafını təbii resurslardan daha çox intellektual potensial, texnoloji inkişaf və elmin inkişafı müəyyən edir. O, Azərbaycanın təbii sərvətlərdən əldə etdiyi imkanları insan kapitalına və texnoloji inkişafa yönəltməli olduğunu vurğuladı. Daha mühüm məqam isə elmin praktik nəticələrinin yalnız elmi əsərlərdə deyil, həyatda və iqtisadiyyatda görünməli olması ilə bağlı çağırış idi. Bu baxımdan universitetlərin reytinq göstəricilərini yaxşılaşdırmaq üçün xarici alimləri cəlb etməsi prinsip etibarilə müsbət siyasətdir. Əgər xarici alimlə əməkdaşlıq milli elmə real töhfə yaradırsa – bu, beynəlxalqlaşmadır, alim yalnız reytinq göstəricisini yüksəltmək üçün formal şəkildə universitetə “yazılırsa” – bu, elmi inkişaf deyil, reytinq mühəndisliyidir...
Prezidentin nitqinin əsas mesajı nə idi?..
Prezidentin AMEA-nın 80 illik yubileyindəki nitqində elmə münasibətin mərkəzində üç mühüm fikir dayanır.
1. texnoloji inkişaf milli inkişafın əsas şərtidir.
2. Azərbaycan alimlərinin süni intellekt, rəqəmsallaşma və yeni texnologiyaların inkişafında fəal iştirakı gözlənilir.
3. elmin praktik nəticələri olmalıdır. Prezident açıq şəkildə elm, dövlət və iqtisadiyyat arasında əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğuladı.
Deməli, dövlətin elmdən gözləntisi sadəcə “Scopus-da neçə məqaləmiz var?” sualı ilə məhdudlaşmır. Dövlət haqlı olaraq sula verə bilər ki:
• Elm hansı problemi həll edir?
• Hansı texnologiyanı yaradır?
• Hansı məhsula çevrilir?
• İqtisadiyyata hansı əlavə dəyəri gətirir?
• İnsan kapitalını necə gücləndirir?
• Ölkənin texnoloji müstəqilliyinə nə qədər töhfə verir?
Bu suallar cavabsız qalırsa, yüksək reytinq öz-özlüyündə milli elmi inkişafın göstəricisi sayıla bilməz.
Xarici alimlərin cəlb olunması prinsip etibarilə yanlışdırmı?..
Xeyr. Əksinə, düzgün təşkil olunarsa, bu, çox faydalı siyasətdir. Dünyanın aparıcı universitetləri beynəlxalq alimlərlə işləyir. Xarici alim:
• birgə tədqiqat apara bilər,
• doktorantlara rəhbərlik edə bilər,
• beynəlxalq layihə gətirə bilər,
• laboratoriya yarada bilər,
• patent prosesində iştirak edə bilər,
• universitetin elmi şəbəkələrə çıxışını genişləndirə bilər,
• xarici maliyyə mənbələrinə çıxışı gücləndirə bilər,
• yüksək səviyyəli nəşrlərin yaranmasına real töhfə verə bilər.
Belə əməkdaşlıq elmi beynəlmiləlləşmə adlanır. Problem xarici alimdə deyil. Problem xarici alimin elmi resurs kimi deyil, reytinq aləti kimi istifadəsindədir.
“Ad yazdırmaq” ilə “elmi əməkdaşlıq” arasında böyük fərq var...
Bu fərqi prinsipial şəkildə ayırmaq lazımdır:
I model -formal model. Universitet xarici alimi əməkdaş kimi göstərir.
Nəticədə:
• universitetin beynəlxalq görünürlüğü artır,
• müəyyən reytinq indikatorlarında göstəricilər yaxşılaşa bilər,
• amma laboratoriya yaranmır,
• yeni tədqiqat qrupu formalaşmır,
• doktorant hazırlığı güclənmir,
• patent yaranmır,
• texnologiya transferi baş vermir,
• yerli alimlərin kompetensiyası artmır.
Bu halda universitet elmi potensial yaratmır, elmi görünüş yaradır.
II model -real əməkdaşlıq. Azərbaycan tədqiqatçısı + xarici alim + laboratoriya + qrant + doktorant + birgə məqalə + patent + texnologiya zəncirinin bir hissəsinə çevrilir. Bu artıq real beynəlxalq elmi əməkdaşlıqdır.
“Reytinq mühəndisliyi” təhlükəlidir…
Çünki göstərici ilə reallıq arasında uçurum yaradır. Tutaq ki, universitetin beynəlxalq reytinqdə göstəricisi yüksəldi. Amma həmin universitetdə: elmi laboratoriyalar zəifdirsə, tədqiqat maliyyəsi azdırsa, patent sayı artmırsa, doktorantura keyfiyyəti yüksəlmirsə, sənaye ilə əməkdaşlıq yoxdursa, universitet texnologiya istehsal etmirsə, məzunların innovasiya qabiliyyəti dəyişmirsə, onda reytinq artımı ölkənin elmi gücünün artması demək deyil. Bu, sadəcə indikatorların optimallaşdırılmasıdır. Ən təhlükəli vəziyyət idarəetmənin reytinqi məqsəd etməsidir. Halbuki reytinq məqsəd deyil, elmi məhsuldarlığın nəticəsi olmalıdır...
Yalançı yüksək reytinq milli elmə nə verir?..
Əgər reytinq artımı real elmi fəaliyyətə söykənmirsə, onun milli elmə birbaşa faydası çox məhduddur. Əksinə, bir sıra mənfi nəticələr yarada bilər:
• Yanlış təsəvvür. Cəmiyyət düşünə bilər ki, universitetimiz dünya səviyyəsinə qalxıb. Halbuki real elmi məhsuldarlıq dəyişməyib.
• İdarəetmədə yanlış qərarlar. Dövlət yüksək reytinqi yüksək elmi performans kimi qəbul edərsə, resursları yanlış istiqamətə yönəldə bilər.
• Real problemlərin gizlənməsi. Laboratoriya, tədqiqat maliyyəsi, doktorantura, elmi kadr, texnologiya transferi kimi fundamental problemlər reytinq göstəricilərinin arxasında görünməz qala bilər.
• Akademik motivasiyanın zəifləməsi. Əgər alim görürsə ki, real tədqiqatdan daha çox formal indikator əhəmiyyətlidir, o zaman elm: problem həll etməkdən indikator toplamağa keçə bilər. Bu isə elm üçün təhlükəli institusional dəyişiklikdir.
İnnovativ iqtisadiyyata bunun nə faydası var?..
Demək olar ki, birbaşa faydası yoxdur -əgər reytinq artımının arxasında real tədqiqat və innovasiya dayanmırsa. Çünki innovativ iqtisadiyyat belə işləyir: Fundamental tədqiqat+Tətbiqi tədqiqat+Prototip+Patent+Texnologiya transferi+ Startap / şirkət+Məhsul+Bazar+İxrac+İqtisadi əlavə dəyər. Xarici alimin adının universitetin əməkdaş siyahısında görünməsi bu zəncirin heç bir mərhələsini avtomatik yaratmır.
Azərbaycanın ehtiyacı “reytinq artımı” yox, “elmi məhsuldarlıq artımıdır”...
Azərbaycanın elmi siyasəti üçün daha düzgün göstəricilər sistemi qurmaq lazımdır. Məsələn: Ənənəvi indikator məqalə sayı, xarici alim sayı, universitet reytinqi, istinad sayı, beynəlxalq əməkdaşlıq, patent sayı, qrant sayı, startap sayı, PhD sayı, reytinq mövqeyi ilə təyin edilirdisə, daha düzgün olan indikator problemlərin həlli, real beynəlxalq tədqiqat layihələri, elmi məhsuldarlıq, texnoloji tətbiq, birgə laboratoriyalar, kommersiyalaşdırılmış patent, qrantın real nəticəsi, yaşayan və gəlir yaradan startap, yüksək keyfiyyətli tədqiqatçı, elm–sənaye əlaqəsinin gücünü göstərməlidir. Bu yanaşmada reytinq yenə əhəmiyyətlidir. Amma son nəticə kimi...
Prezidentin qoyduğu əsas vəzifə ilə reytinq yanaşması arasında fərq...
Prezidentin nitqində mühüm bir fikir var: Elmin praktik nəticələri olmalıdır. Bu prinsip əsasında universitetin fəaliyyətinə belə baxmaq lazımdır: universitet → məqalə yox, universitet → bilik → texnologiya → innovasiya → iqtisadi nəticə modeli qurulmalıdır. Əgər xarici alim bu zəncirin bir hissəsidirsə, onun cəlb edilməsi tamamilə doğrudur. Yox, əgər o yalnız reytinq indikatorunda universitetin adını yaxşılaşdırmaq üçün istifadə edilirsə, onda bu, Prezidentin elmə dair müəyyən etdiyi praktik nəticə və texnoloji inkişaf fəlsəfəsi ilə uyğun gəlmir.
Universitet reytinqi ilə ölkənin elmi gücünü eyniləşdirmək olmaz...
Bu, strateji baxımdan mühüm məsələdir. Universitet reytinqi universitetin müəyyən göstəricilər üzrə beynəlxalq müqayisədə mövqeyini ölçür. Milli elmi güc isə daha geniş anlayışdır: elmi kadr + tədqiqat infrastrukturu + maliyyələşmə + elmi məktəblər + patent + texnologiya + innovasiya + sənaye əməkdaşlığı + insan kapitalı + elmi idarəetmə.
Azərbaycan universitetlərinin son illərdə beynəlxalq reytinqlərdə irəliləyişləri müəyyən mənada müsbət göstəricidir. Məsələn, Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026 QS sahə reytinqində Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub və BDU ilk dəfə top-100-ə daxil olub. Bu uğurdur, lakin bu reytinq irəliləyişi Azərbaycanın elmi və texnoloji məhsuldarlığının artmasına nə qədər çevrilir? Burada ciddi analitik audit lazımdır...
Reytinqdən nəticəyə keçid...
Azərbaycan universitetlərinin qiymətləndirilməsində əlavə bir milli indikator sistemi yaradıla bilər. Milli Elmi Təsir İndeksi — METİ. Məsələn: METİ = 25% — yüksək keyfiyyətli tədqiqat, 20% — texnologiya və patent, 15% — sənaye əməkdaşlığı, 15% — kommersiyalaşdırma, 10% — doktorant və tədqiqatçı hazırlığı, 10% — beynəlxalq real əməkdaşlıq, 5% — sosial və dövlət siyasətinə təsir. Bu halda xarici alimin adı deyil, onun yaratdığı real nəticə qiymətləndiriləcək...
Azərbaycan elminin “göstərici iqtisadiyyatı”na yox, “nəticə iqtisadiyyatı”na ehtiyacı var. Azərbaycanın qarşısında böyük imkanlar var. Ölkənin təbii resurslardan əldə etdiyi gəlirləri insan kapitalına, elmə, texnologiyaya və innovasiyaya yönəltmək strategiyası məhz uzunmüddətli inkişaf baxımından məntiqlidir. Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki nitqinin əsas məntiqi də bu istiqamətdədir: texnoloji inkişaf, süni intellekt, rəqəmsallaşma və elmin iqtisadiyyatla əlaqələndirilməsi. Bu baxımdan xarici alimlərin Azərbaycan universitetlərinə gətirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi düzgün strategiyadır, amma bir şərtlə: xarici alim reytinq üçün yox, elm üçün gətirilməlidir. Onun iştirakı: məqalə → qrant → laboratoriya → doktorant → patent → texnologiya → startap → məhsul → iqtisadi dəyə zəncirini gücləndirməlidir. Əks halda biz “elm istehsal etmək” əvəzinə “elmi reytinq istehsal edən” sistem yarada bilərik...
Başqa bir təhlükəli paradoks da göz önündədir: Universitet dünya reytinqində yüksəlir, amma ölkənin texnoloji asılılığı dəyişmir. Həqiqi milli elm siyasətinin məqsədi Azərbaycan universitetlərinin reytinqini yüksəltmək yox, Azərbaycan elminin real gücünü yüksəltmək, reytinqi də həmin real gücün nəticəsinə çevirmək olmalıdır...
Çünki yüksək reytinq ölkəni innovativ etmir. Yüksək elmi məhsuldarlıq, texnologiya, insan kapitalı və innovasiya ölkəni inkişaf etdirir. Reytinq isə bunun yalnız güzgüsüdür. Əgər güzgüdə görüntünü dəyişib, reallığı dəyişməsək, ölkə daha innovativ görünə bilər — amma daha innovativ olmaz...