“1960-70-80-ci illərdə tikilmiş binalar var, xüsusilə də regionlarda bu binaların sayı çoxdur. Çox təəssüflər olsun ki, belə binaların təmir, bərpa məsələsi hər il növbəti ilə qalır”.
Bunu deputat Naqif Həmzəyev parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təmir daha çox prospektlərin görünən hissəsində aparılır:
"Həyətdə, məhəllə hissəsində isə bu binalar ümumiyyətlə təmir edilmir. Dam örtüyü düzəldilir, lakin onun giriş hissəsi, lift və digər məsələlər düzəlmir".
Deputatın sözlərinə görə, jurnalistləri bu cür problemləri işıqlandırmağa qoymurlar:
"Hansı jurnalist o problemi işıqlandırırsa, həmin jurnalist bəlkə də işdən çıxarılır və yaxud müəyyən təqiblərə məruz qalır. Yəni bu yaxşı hal deyil. Bu problemi gizlətməklə, problemi növbəti illərə ötürməklə biz heç nə əldə etmirik. Bakıda rahatdır, hər şey həll olunur. Regionlarda hamı bir nəfərdən, iki nəfərdən qorxur və heç kim də heç nəyi dilə gətirə bilmir. Biz deyəndə də başqa cür olur. Yəni bu məsələni hansısa şəkildə həll etməliyik".
Bundan başqa o, Gəncədə yollara 2011-ci ildən asfalt çəkiləcəyini, lakin hələ də problemin həll olunmadığını qeyd edib.
"Vətəndaşlar mənə irad tuturlar ki, bəlkə də bu asfalt üçün vəsait ayrılıb, bəlkə də bu vəsait başqa yerə xərclənib. Mən heç nəyə cavab verə bilmirəm, yəni bizim açıq deyim ki, adımız var, ancaq heç bir səlahiyyətimiz yoxdur. Hökumət nümayəndələri rayonlara, şəhərlərə gedəndə icra başçısının və yaxud o rəsmi şəxsin təqdim etdiyi marşrutdan kənara çıxaraq getməlidir. Belə olacağı təqdirdə hökumət üzvləri görəcək ki, o yollar niyə düzəlmir və ya problemlər nə dərəcədə qabarıqdır.
Biz seçicilərlə görüşəndə çox əziyyət çəkirik. Xüsusilə də doğulub boya-başa çatdığımız və ya bir yerdə böyüdüyümüz o qonşuların qarşısına çıxa bilmirik. Yəni deyirlər ki, sən vəzifə tutursan, sən yaxşı dolanırsan və bizi niyə düşünmirsən?!"
Deputatın çıxışına münasibət bildirən Mill Məclisin sədr müavini Ziyafət Əsgərov deyib ki, deputatın da kifayət qədər səlahiyyəti var, ondan istifadə etmək lazımdır:
"Deyirsiniz ki, bu cür problemləri çəkdiklərinə görə jurnalistlər işdən çıxarılır, varmı elə fakt? Onu, zəhmət olmasa, bizə təqdim edərsiniz".
Günay Şahmar, Bizim.Media