34 milyon illik sirr açıldı: Alimlər nəhəng gəmirici tapdılar

Alimlər Taylandda təxminən 34 milyon il əvvəl yaşamış, çəkisi 30 kiloqrama çatan nəhəng gəmiricinin fosillərini aşkar ediblər. Bu kəşf iri gəmiricilərin təkamül tarixi ilə bağlı elmi təsəvvürləri dəyişə bilər.

MakGill Universiteti, Tayland Mineral Ehtiyatlar Departamenti və Fransanın tədqiqat institutlarından olan alimlər Krabi bölgəsində tapılmış fosilləri araşdırıblar.

Tədqiqatçılar dişlərin ölçüsünə əsaslanan yeddi fərqli metodla heyvanın bədən kütləsini hesablayıblar. Nəticədə onun təxminən 30 kiloqram ağırlığında olduğu müəyyən edilib.

Yeni növə Tayland dilində “nəhəng” mənasını verən “yak” və yunan dilində “siçan” demək olan “mys” sözlərinin birləşməsindən yaranan “Yakamys sirindhornae” adı verilib.

Alimlərin fikrincə, bu gəmirici həmin dövrdə məlum olan digər növlərdən təxminən iki dəfə böyük olub. Kəşf göstərir ki, iri bədənli gəmiricilərin təkamül tarixi əvvəllər düşünüldüyündən daha qədimdir və Cənub-Şərqi Asiya bu prosesdə mühüm rol oynayıb.

Tədqiqatın müəlliflərindən, MakGill Universitetinin professoru Virciniya Millien heyvanın çəkisinin təxmini olduğunu və fosillər əsasında hesablamalarda müəyyən qeyri-müəyyənliklərin qaldığını vurğulayıb.

Araşdırmanın nəticələri “Scientific Reports” jurnalında dərc edilib.