Payızda idman edənlərə vacib XƏBƏRDARLIQ

Payız aylarında idman zamanı ürək-damar problemləri riskini azaltmaq üçün müəyyən qaydalara əməl etmək tövsiyə olunur.

Bu barədə həkim Elvira Xaçirova “Championat” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, payızda idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmək, ürək döyüntülərini tədricən artırmaq vacibdir. Bu, stenokardiya tutmaları, ürək ritminin pozulması və hipertonik böhran riskini azaltmağa kömək edir.

Mütəxəssis soyuq havada məşq üçün ən təhlükəsiz idman növləri sırasında sürətli gəzinti, hovuzda üzmə, xizək sürmə və orta templə Skandinaviya yerişini qeyd edib.

Həkim həmçinin sinə ağrısı və ya narahatlıq, soyuq tər, ürək döyüntülərində nizamsızlıq hiss edildikdə idmanı dərhal dayandırmağı tövsiyə edib.

Xaçirova günün orta saatlarında idman etməyin və soyuq havada qat-qat geyinməyin də vacibliyini vurğulayıb.