Avropanın NATO-ya üzv ölkələri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri daha da yaxınlaşdıracağından ehtiyat edirlər.
Sfera.az bildirir ki, “Politico” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, demokratların ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində qələbə qazanması Trampın xarici siyasətdə öz mövqeyini gücləndirmək cəhdlərinə səbəb ola bilər. Bu isə onun Rusiya ilə daha geniş razılaşmalara getməsi ehtimalını gündəmə gətirir.
NATO-nun keçmiş mətbuat katibi Oana Lungesku bildirib ki, ABŞ hərbi qüvvələrinin Avropadakı mövcudluğu, Ukraynaya dəstək və Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı məsələlər Rusiya Prezidenti Vladimir Putinlə mümkün böyük razılaşmanın tərkib hissəsinə çevrilə bilər.
Onun sözlərinə görə, belə bir ssenari Avropanın təhlükəsizliyi üçün ciddi risklər yarada bilər.
NATO diplomatları həmçinin Trampın ABŞ-nin alyansın büdcəsinə ayırdığı vəsaiti azaltmasından, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsini nəzərdə tutan PURL proqramını məhdudlaşdırmasından narahatdırlar. Onların fikrincə, Vaşinqton Moskva ilə əlaqələri daha da inkişaf etdirə bilər.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskini müqayisə edərək, Putinin razılaşma əldə etməkdə Zelenskidən daha maraqlı olduğunu bildirmişdi.