Cənubi və Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni əməkdaşlıq imkanlarının yaradılması regional iqtisadi münasibətlərin mühüm istiqamətlərindəndir.
Hindistan və Özbəkistanın qarşılıqlı ticarəti 2030-cu ilədək 5 milyard dollara çatdırmaq hədəfi bu əməkdaşlığın iqtisadi miqyasını genişləndirmək niyyətini göstərir.
Hindistanın Azərbaycanla təmaslarını intensivləşdirdiyi bir dövrdə həm ölkəmizlə, həm də Azərbaycanın strateji tərəfdaşı olan Özbəkistanla iqtisadi əlaqələrini genişləndirməsi Azərbaycan üçün hansı yeni iqtisadi imkanlar yarada bilər?
Azərbaycan bu prosesdən ticarət dövriyyəsinin artırılması, tranzit və logistika imkanlarının genişləndirilməsi, eləcə də birgə investisiya layihələrinin həyata keçirilməsi baxımından necə faydalana bilər?
Mövzu ilə bağlı Moderator.az-a Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli açıqlama verib.
İqtisadçı qeyd edib ki, Hindistanın həm Azərbaycanla, həm də Özbəkistanla iqtisadi əlaqələrini genişləndirməsi ölkəmiz üçün yeni ticarət və tranzit imkanları yarada bilər:
"Xüsusilə, Azərbaycan Orta Dəhliz üzərində yerləşməsindən istifadə edərək Hindistan–Özbəkistan ticarətində mühüm logistika qovşağına çevrilə bilər. Bunun üçün Xəzər dənizi limanlarının, dəmir yolu infrastrukturunun və gömrük prosedurlarının səmərəliliyi artırılmalıdır.
Digər tərəfdən, Hindistanın böyük bazarı Azərbaycan məhsullarının ixracı üçün əlavə imkanlar aça bilər. Kimya sənayesi, kənd təsərrüfatı, qida məhsulları və sənaye istehsalı sahələrində əməkdaşlığın genişləndirilməsi mümkündür.
Azərbaycan və Özbəkistanın istehsal və ixrac potensialının Hindistanın texnologiyaları və investisiyaları ilə birləşdirilməsi də regional iqtisadi əməkdaşlığı gücləndirə bilər. Lakin bu imkanların reallaşması avtomatik deyil.
Nəqliyyat xərcləri, tranzit marşrutlarının rəqabət qabiliyyəti, gömrük prosedurları və siyasi münasibətlər kimi amillər nəzərə alınmalıdır. Azərbaycan üçün əsas məsələ Hindistanın regionda artan iqtisadi fəallığını konkret ixrac müqavilələrinə, tranzit gəlirlərinə və birgə investisiya layihələrinə çevirməkdir.
Bunun üçün Hindistan, Azərbaycan və Özbəkistan arasında üçtərəfli biznes platformasının yaradılması, sahibkarlar arasında birbaşa əlaqələrin qurulması və logistika sahəsində uzunmüddətli sazişlərin imzalanması məqsədəuyğun ola bilər".
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor