Azərbaycan futbolçuları üçün yeni qayda

Türk dövlətlərinin futbolçularının qarşılıqlı olaraq yerli oyunçu statusunda çıxış etməsi planlaşdırılır.

Bu barədə AKP sədrinin müavini və Türk dövlətləri ilə əlaqələr üzrə rəhbəri Kürşad Zorlu məlumat verib. O, Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Liderlər Zirvəsi öncəsi keçirdiyi mətbuat konfransında idman sahəsində əməkdaşlığın ilk mərhələsinin futbol olacağını bildirib. Zorlunun sözlərinə görə, ötən həftə Türkiyə Futbol Federasiyasının ev sahibliyi ilə türk dövlətlərinin futbol federasiyaları arasında zirvə toplantısı keçirilib. Görüşdə qəbul edilən qərara əsasən, türk dövlətlərindən olan futbolçuların qarşılıqlı olaraq əcnəbi deyil, yerli oyunçu statusunda sayılması nəzərdə tutulur.

O qeyd edib ki, bu təşəbbüs Türk dünyasında vahid futbol ekosisteminin formalaşmasına və istedadlı oyunçuların qarşılıqlı şəkildə klublara cəlb edilməsinə imkan yaradacaq.