“Hazırda Bakı Uşaq və Gənclər Teatrında 20 ildən çoxdur ki, inzibatçı kimi çalışıram. Əvvəllər kino sahəsində də çalışırdım. Teatr və kino sahəsində inzibatçı anlayışı tamam fərqlidir. Çox adam dözüb bu işdə qala bilmir. 2004-cü ildə İntiqam Soltan məni inzibatçı işinə dəvət edəndə teatr iki il idi yaranmışdı. Mənə qədər 4 baş inzibatçı gəlib getmişdilər. Bu iş kənardan bəlkə də asan görünə bilər, amma işin içinə varanda görürsən ki, həddindən artıq çətindir. Bütün bu çətinliklərə baxmayaraq gərək işi sevəsən. Bizim teatrda əksər tamaşalarımız uşaqlar üçündür. Sən tamaşanı təşkil edirsən, uşaqlar gəlib tamaşaya baxır, sevinirlər, lazım olan yerdə reaksiyalarını bildirirlər. Adam kənardan baxır və deyir ki, mən nə gözəl işlə məşğulam. Bizim əsas işimiz tamaşaçılarladır. Teatrda hər işin öz yiyəsi var. İşin tamaşaçı tərəfini isə inzibatçılar həll edir”.
Bunu açıqlamasında aktyor, hazırda Bakı Uşaq və Gənclər Teatrında inzibatçı çalışan Şahbuz Quliyev deyib.
O daha sonra bildirib ki, görkəmli sənətkarların kursunu bitirsə də aktyor olmaq arzusunu sona qədər davam etdirə bilməyib:
“Nəsir Sadıqzadə, Mikayıl Mirzə, Həsən Məmmədov kimi sənətkarlardan dərs almışıq. Həyat belə gətirdi ki, aktyor kimi başlayıb, inzibatçı kimi davam etmək qismətimə yazıldı. Universiteti bitirən kimi təyinatımı Ağdam Dövlət Dram Teatrına verdilər. Orada da qarışıqlıq idi. Ona baxmayaraq gedirdim, davam edirdim. Orada yaşamaq üçün şərait olmadı. Həftənin bazar günü Bakıdan dəmiryolu ilə Ağdama gedirdim. Həftəboyu orada qalırdım, 5-ci gün yenidən həmin yolla Bakıya qayıdırdım. 3 ay orada sərasər yataqxanada qaldım. O vaxt aktyorların maaşı 120 manat idi. Həm yataqxananın pulunu ödəməli idim, həm yeməyə pul lazım idi. Ayda bir dəfə rayona ailəmin yanına gedirdim. Şəraitsizlikdən məcburən Bakıya qayıdası oldum. Ağdamdan qayıdandan sonra kinostudiyada işə düzəldim. Məni çəkiliş qrupunun administratoru vəzifəsinə götürdülər. O vaxt bir çox iş yerlərində vəziyyət yaxşı deyildi. İxtisarlar başlamışdı. Ondan sonra mən uzun müddət işsiz qaldım. Sağ olsun İntiqam müəllim məni işlə təmin etdi. Aktyor kimi davam etməməyimə sonradan peşman oldum. Bir çox iş yoldaşım da deyir ki, “sən aktyor olsaydın çoxlarından daha tanınmış, peşəkar olardın”. Mən də belə düşünürəm. Aktyor sənətinin çətinlikərini mən heç kimdən az bilmirəm. Bəzən tamaşaların məşqlərində də oluram, gənc aktyorlara məsləhətlər də verirəm. Aktyorluq hər zaman insanın içərisindədir. O hər zaman mənimlə birlikdədir. Nə vaxtsa çəkilişlərə dəvət etsələr məmnuniyyətlə gedərəm. Amma deməzdim ki, inzibatçılığı sevmirəm. İşlədikcə bu peşəni də sevirəm. Aktyorluq peşəsindən az ləzzət etmir bu iş mənə. Sən başqa bir işə can atırsan, amma həyatın diktəsi başqa şeydir. Onu heç vaxt bilmək olmur ki, sabah qarşına nə çıxacaq?!”.
Şahbuz Quliyev bildirir ki, uzun müddətdir teatrda uşaq tamaşaları ilə məşğul olduğu üçün, balacaları müşahidə edərək, onların bu illər ərzində dəyişdiyinin də şahidi olub:
“Bu illər ərzində uşaqlar da dəyişib. Bəzən deyirik ki, filan tamaşaya uşaqlar baxmasın, onu başa düşməzlər. Amma görürsən ki, uşaqlar o tamaşanı böyüklərdən də yaxşı qavrayırlar. İndiki uşaqları qətiyyən aldatmaq olmaz. Keçən il bizim qələbəmizin ildönümünə aid bir tamaşa var idi. Bu tamaşa böyüklər üçün idi. Mahnı teatrında nümayiş etdirirdik. Tamaşa vaxtı gördük ki, böyüklər uşaqlarla gəliblər. Bu tamaşa da çox ağır, psixoloji idi. Bilmədik ki, nə edək?! Bir sual bizi düşündürdü ki, mənasını başa düşmədikləri tamaşaya uşaqlar necə baxacaqlar?! Tamaşaçılar dedi ki, biz uzaqdan gəlmişik, bilmədik ki, tamaşa böyüklər üçündür. Ya çıxıb getməli idilər, ya da oturub tamaşaya baxmalı idilər. İlk dəfə idi ki, bu müəssisə ilə əməkdaşlıq edirdik. Valideynləri başa saldıq ki, bu çox ağır, psixoloji bir əsərdir və bir yad səs tamaşasının estetikasını poza bilər. Biz valideynlərlə birlikdə uşaqları tamaşaya buraxdıq. Tamaşa bitəndən sonra o uşaqların təəssüratına kaş gəlib kənardan baxardınız. Uşaqlar deyirdi ki, “bu tamaşa bir dəfə də nümayiş olunsa, yenə də gəlib baxmaq istərdik”. Biz cəmiyyətimizin mədəni quruculuğuna xidmət edirik. Uşaqlar da bizim gələcəyimizdir. Uşaqlara ictimai yerdə özlərini necə aparmağı da aşılayırıq”.
Şahbuz Quliyev inzibatçı çalışdığı “Bəxt üzüyü” filminin kadrarxası məqamlarından da danışıb:
“Mən o illərdə “Azərbaycanfilm” kinostudiyasında çalışırdım. Məni çəkiliş heyətinə filmin direktoru dəvət etmişdi. O məni əvvəldən məni tanıyırdı. Filmin pərdəarxası məqamları çox maraqlı idi. Ümumiyyətlə senari gözəl yazılmışdı. Çəkilişə lazım olan əşyaları biz təmin edirdik. Ətrafda çəkilişə şərait yaradılmasına çalışırdıq. Bilirsiz ki, film Şüvəlanda çəkilib. Filmdə bir nəfər qatıq satır. O aktyor deyil. Biz çəkiliş aparanda təsadüfən oradan keçirdi. Həqiqətən də qatıq satırdı. Ramiz Əzizbəyli dedi ki, “onu çəksəm yerinə düşər”. Həqiqətən də yerinə düşdü. Çəkilişlərdə kənd camaatından da istifadə olunub. Hasarın o biri tərəfindən baxanlar bu bağ sahibinin qonşuları idi. Bütün epizodlar macəra kimi maraqlı idi. Aktyorların da oyunları çox peşəkar idi. Çəkiliş qrupunda inzibatçı nə lazım olursa onu tapıb gətirməlidir. Dava səhnəsində Moşu əlini stola vurur və qatıq Tanrıverdi dayının üzünə tökülür. Bax o qatığı mən gedib Şüvəlandan tapıb gətirmişəm. Soraqlaşdım, dedilər ki, filan yerdə bir nəfər inək saxlayır. Avtobusla getmişdim. 2 saat gözlədim ki, indi qatıq gətirəcəklər. Bəzən elə detallar var idi ki, iki saat gözləməli idin ki, onlar hazırlansın. Orada kabablar yeyilmişdi, sonradan yeni kabab sifariş etdilər. Belə hallar çox olur. Çox çəkiliş yerlərində yeməkləri yeməsinlər deyə yalandan deyirdilər ki, dərmanlıdır. Bəzən elə məqam olur ki, adam acır, yeməyə çıxmağa da imkanı olmur. Bu filmdən başqa Rasim Ocaqovun çəkdiyi “Qətldən 7 gün sonra” ekran işində də çalışmışam. Bu film Rusiyada çəkilib. Kollektiv getmişdi, məni kinostudiyada saxladılar ki, bəzi əşyaları buradan tapıb onlara göndərim”.