Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,01 ABŞ dolları və ya 0,8 faiz artaraq bir barel üçün 127,60 ABŞ dollarına çatıb.

Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,51 ABŞ dolları və ya 1,31 faiz artaraq 116,40 ABŞ dolları təşkil edib.

“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,8 ABŞ dolları və ya 0,84 faiz artaraq bir barel üçün 95,83 ABŞ dollarına çatıb.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 1,28 ABŞ dolları və ya 1,01 faiz artaraq bir barel üçün 127,97 ABŞ dolları olub.

Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.

"Trading Economics"in məlumatına görə, çərşənbə axşamı xam neftin bir barelinin qiyməti 101 dollardan aşağı düşüb.

"Yaxın Şərqdə diplomatik səylərin yenidən intensivləşməsi və ABŞ-İran münaqişəsinin daha geniş miqyas almasının qarşısını almaq ümidlərinin artması fonunda neft qiymətləri ardıcıl ikinci sessiyada ucuzlaşıb.

Məlumatlara görə, bazar ertəsi Səudiyyə Ərəbistanı, Pakistan və Türkiyənin yüksək vəzifəli rəsmiləri gərginliyi azaltmaq və ABŞ-İsrailin İrana qarşı növbəti hücumlarının qarşısını almağa yönəlmiş danışıqları bərpa etmək məqsədilə İranın yüksək vəzifəli nümayəndələri ilə görüşüblər.

Bu müzakirələr ABŞ-da aralıq seçkilərə təxminən bir həftə qalmış baş tutub. Prezident Donald Tramp danışıqlarda bir neçə ay davam edən durğunluqdan sonra İrana qarşı hərbi zərbələrin yenidən bərpa oluna biləcəyini dəfələrlə bəyan edib.

Bununla yanaşı, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi qüvvələr İranın dəstəklədiyi husilərlə döyüşləri davam etdirir. Məlumatlara görə, İranın maliyyə dəstəyi alan “Hizbullah” da Livanda növbəti regional münaqişəyə hazırlaşır.

Xam neftin tədarük həcmi müharibədən əvvəlki səviyyələrə yaxınlaşsa da, davam edən bu gərginliklər Yaxın Şərqdən neft tədarükü üçün risklər yaratmaqda davam edir", - məlumatda qeyd edilib.