Şahzadənin əmisi oğlu ölü tapıldı - Bir nəfər saxlanıldı

Monakoda knyaz II Albertin 29 yaşlı əmisi oğlu Antuan de Massinin meyiti aşkarlanıb. Hadisə ilə bağlı ölümün səbəblərini və şəraitini müəyyənləşdirmək üçün araşdırma başlanıb.

Bu barədə “Monaco Matin” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, gənc bazar günü ailə naharına gəlməyib. Bundan sonra qohumlarından biri polisə müraciət edib. Bir neçə saat sonra onun meyiti Larvotto bulvarı boyunca yerləşən yaşıllıq ərazisində aşkarlanıb.

Monakonun baş prokuroru Stefan Tibo bildirib ki, hüquq-mühafizə orqanları ölümün səbəblərini və hadisənin hansı şəraitdə baş verdiyini müəyyənləşdirmək üçün istintaqa başlayıb.

İstintaq tədbirləri çərçivəsində meyitin tapıldığı ərazinin yaxınlığındakı müşahidə kameralarının görüntülərinə düşən bir kişi saxlanılıb. Hazırda həmin şəxsin dindirildiyi bildirilir.

Bununla belə, “Monaco Matin” qeyd edir ki, saxlanılan şəxs iş üzrə yalnız şahid qismində iştirak edə bilər.