“Microsoft” 60 min əməkdaşına kompensasiya ilə işdən çıxmağı təklif edir

ABŞ-ın proqram təminatı, bulud texnologiyaları və süni intellekt sahəsində fəaliyyət göstərən “Microsoft” şirkəti təxminən 60 min əməkdaşına könüllü olaraq işdən ayrılmaq müqabilində maliyyə kompensasiyası təklif edəcək. Şirkət bununla xərclərini azaltmağa və işçi qüvvəsini süni intellekt dövrünün tələblərinə uyğunlaşdırmağa çalışır.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Proqram ABŞ, Kanada, Hindistan və Böyük Britaniyada çalışan, şirkətdaxili vəzifə təsnifatında 70-ci səviyyə və ondan aşağı pillələrdə olan əməkdaşları əhatə edir.

Könüllü ayrılma təklifi “Xbox”, “Windows”, “Copilot”, süni intellekt xidmətləri, maliyyə və insan resursları bölmələrində çalışan bəzi əməkdaşlara şamil ediləcək.

Bununla belə, məlumat mərkəzləri, satış, marketinq və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən işçilər proqramdan kənarda qalacaqlar.

Şirkətdən ayrılmağa razılıq verən əməkdaşlara standart işdənçıxarma müavinətlərinə uyğun kompensasiya və yeni karyera imkanlarının müəyyənləşdirilməsi üçün dəstək göstəriləcək.

“Microsoft”un insan resursları üzrə rəhbəri Emi Koulman bildirib ki, proqram şirkətdən ayrılmağı düşünən əməkdaşlara bunu maliyyə dəstəyi ilə həyata keçirmək imkanı verir. Eyni zamanda şirkətin ayrı-ayrı bölmələrinə dəyişən biznes ehtiyaclarına uyğunlaşmaq üçün əlavə çeviklik yaradır.

2026-cı ilin iyun ayının sonuna “Microsoft”un dünya üzrə 223 min əməkdaşı olub. Beləliklə, yeni təklif şirkətin ümumi işçi qüvvəsinin təxminən 27%-ni əhatə edir.

Lakin bu, 60 min nəfərin mütləq işdən çıxarılacağı demək deyil. Proqram könüllü xarakter daşıyır və şirkət neçə əməkdaşın təklifi qəbul edəcəyini açıqlamayıb.

Qərar “Microsoft”un süni intellektə böyük investisiyalar yatırdığı dövrə təsadüf edir.

Şirkətin 2026-cı il üzrə kapital xərclərinin təxminən 175 milyard dollara çatacağı gözlənilir. Vəsaitlərin mühüm hissəsi süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin genişləndirilməsinə yönəldilir.

Artan investisiya xərcləri şirkəti digər fəaliyyət istiqamətlərində maliyyə resurslarından daha səmərəli istifadə etməyə sövq edir.

Xatırladaq ki, “Microsoft” 2026-cı ilin iyulunda təxminən 4 800 iş yerini ixtisar etmişdi. İxtisarlar əsasən kommersiya fəaliyyəti və “Xbox” oyun biznesində aparılan struktur dəyişiklikləri ilə əlaqəli idi.

Şirkət daha əvvəl təxminən 8 750 əməkdaşını əhatə edən könüllü pensiyaya çıxma proqramı da həyata keçirib. Həmin proqram üzrə uyğun əməkdaşların 30%-dən çoxu təklifi qəbul edib.

Yeni proqram “Microsoft”un işçi qüvvəsinin strukturunu dəyişərkən birbaşa ixtisarlarla yanaşı, könüllü ayrılma mexanizmlərindən də istifadə etdiyini göstərir.