Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Masallı, Ağstafa və Samux Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.
Bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Masallıda 35 kV-luq "Əminli" hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 12:00-dan 13:00-dək Ərəb, Hacıtəpə, Həsənli, Xırmandalı kəndləri və şəhər ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Ağstafada 110/35/10 kV-luq "Poylu" yarımstansiyasında yerinə yetiriləcək təmir işləri zamanı rayonun Ceyrançöl, Poylu qəsəbələri, eləcə də Kolxəlfəli, Qıraq Kəsəmən və Pirli kəndlərinin bəzi ərazilərində saat 12:00-dan 16:00-dək enerjinin verilişində müvəqqəti fasilə yaranacaq.
Samuxda 10 kV-luq "Gülçülük" və 6 kV-luq "Nasos" hava xətlərində yenidənqurma işləri həyata keçiriləcək. Beləliklə, planlı fasilə saat 10:00-dan 12:00-dək Natəvən qəsəbəsi, Zazalı və Ziyadlı kəndlərini əhatə edəcək.
İşlər yekunlaşdıqdan sonra ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Həmçinin elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə oktyabrın 27-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
Görüləcək işlərlə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani, Şıxəli Qurbanov, Zərgərpalan küçələri, Azərbaycan prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.