Serbiyada yeni hökumətin Rusiya və AB siyasəti necə olacaq?

Serbiyada tələbələrin etiraz hərəkatı oktyabrın 25-də, bazar günü keçirilən parlament seçkilərində tarixi qələbə qazanaraq Aleksandar Vuçiçin uzunmüddətli hakimiyyətinə son qoyub. Qələbə ölkədə kütləvi bayram tədbirləri ilə qeyd olunub. Lakin hələlik adları açıqlanmayan hərəkat liderləri bir sıra problemlərlə üzləşiblər.

Bu barədə “Röytes” agentliyi məlumat yayıb.

Nəşr qeyd edr ki, “Tələbə Siyahısı” Serbiyanın ənənəvi müttəfiqi Rusiya ilə münasibətlərdə mürəkkəb enerji və xarici siyasət şəraitində balans yaratmağa çalışmalı olacaq.

Partiya nümayəndələri bildiriblər ki, Serbiyanın Avropa Birliyinə (AB) üzv olmasını və Rusiyanın Ukraynaya qarşı müharibəsinə görə Moskvaya sanksiyalar tətbiq edilməsini dəstəkləmirlər.

Bildirilir ki, yeni hökumət Rusiya şirkətinin Serbiyanın yeganə neft emalı zavodunu idarə edən NIS enerji şirkətindəki payının Macarıstanın MOL şirkətinə satılması prosesi davam etdiyi müddətdə neft idxalını qorumaq üçün ABŞ sanksiyalarından müvəqqəti azadolmaya ümid etməli olacaq.

Məqalədə xatırladılır ki, Rusiyanın “Qazprom” şirkəti Serbiyanın ən böyük qaz təchizatçısıdır. Şirkət ölkəyə ildə təxminən 2,2 milyard kubmetr qazı bazar qiymətlərindən aşağı qiymətə çatdırır. Tələbə Siyahısı Partiyası bu enerji asılılığının geosiyasi seçim deyil, ciddi iqtisadi zərurətdən qaynaqlandığını bəyan edib.

Bundan əlavə, “Tələbə Siyahısı”nın əsas namizədləri bildiriblər ki, gələcək hökumət Serbiyadan münaqişə bölgələrinə bütün növ silah ixracını dayandıracaq. Buraya silahları Ukraynaya ötürən Qərb vasitəçilərinə satışlar da daxildir.