“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının nəticələri təqdim edilib

Bakıda keçirilən “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” üzrə Forum çərçivəsində layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinə həsr olunmuş sessiya təşkil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, sessiyada beynəlxalq mühəndislik və konsaltinq şirkəti “CESI” tərəfindən layihənin texniki və iqtisadi əsaslandırılması üzrə aparılmış tədqiqatın əsas nəticələri təqdim olunub.

Məlumata görə, şirkətin qlobal bazarlar və biznesin inkişafı üzrə direktoru Andrea Meola və baş enerji məsləhətçisi Filippo Del Grosso layihənin texniki parametrləri, iqtisadi göstəriciləri və həyata keçirilməsi imkanları barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən layihənin texniki-iqtisadi əsaslandırmasının tamamlanması onun inkişafında mühüm mərhələdir. Tədqiqatın nəticələri layihənin kommersiya strukturunun formalaşdırılması, maliyyələşdirmə imkanlarının qiymətləndirilməsi və yekun investisiya qərarına hazırlıq baxımından əsas yaradır.