Noyabrın 3-də ABŞ Konqresinin hər iki palatasına seçki keçiriləcək. Nümayəndələr Palatasının (aşağı palata) tam, Senatın (yuxarı palata) üçdə birinin yenilənməsi nəzərdə tutulur.
435 nəfərlik Nümayəndələr Palatasının hazırda 433 üzvü var: 219 nəfər (1-i müstəqil) hakim Respublikaçılar Partiyasını, 214 nəfər Demokratlar Partiyasını təmsil edir.
100 nəfərlik Senatda 53 respublikaçı, 47 demokrat (2-si müstəqil) yer alır.
Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens respublikaçıdır.
Seçkilərin nəticələrinə nə kimi proqnozlar var? Respublikaçıların qələbə şansları nə qədərdir? Müxaliflərin Konqresdə üstünlüyü ələ keçirməsi ABŞ-də nələrə gətirib çıxara və beynəlxalq proseslərə hansı təsirlər göstərə bilər?
Mövzu ilə bağlı Medianews.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, Donald Tramp hakimiyyətə gəldiyi gündən tam fərqli siyasət yürüdür: “O, ABŞ-də son 80 ildə aparılan və alışdığımız siyasətin faktiki tam əksini həyata keçirir. Buna görə də Trampın siyasəti heç yerdə birmənalı qarşılanmır. Onun nə xarici, nə də daxili siyasətində Amerika cəmiyyətini və dünyanı qane edə biləcək cəhətlər var. Trampın siyasətindən razı qala biləcək tərəf varsa, o da Rusiya və bu ölkənin prezidenti Vladimir Putindir. Çünki faktiki olaraq Tramp işğalçının yanındadır.
Bütün proqnozlar göstərir ki, respublikaçılar aralıq seçkilərdə uduza bilərlər. Hətta onların hər iki palatada məğlub olacağı gözlənilir. Respublikaçıların özləri də Trampın siyasətindən narazıdırlar. Proqnozlar da onların məğlubiyyət ehtimalının yüksək olduğuna dəlalət edir. Son vaxtlar ABŞ-nin bir çox ştatında yüz minlərlə insanın iştirakı ilə nümayişlərin keçirilməsi də Amerika cəmiyyətində çoxluğun Trampın siyasətini dəstəkləmədiyini göstərir.
Təbii ki, partiya üzvlərinin müəyyən hissəsi respublikaçılara səs verəcəklər. Ancaq proseslər demokratların daha üstün mövqedə olduğundan xəbər verir. Əgər demokratlar hər iki palatada üstünlük qazansalar, perspektivdə Trampın impiçmenti məsələsi də gündəmə gələ bilər. Sadəcə burada bir məsələ də var: vitse-prezident Cey Di Vens indiyədək nümayiş etdirdiyi siyasəti ilə Trampdan da artıq nifrət qazanıb. İmpiçment olsa, Cey Di Vens prezident səlahiyyətlərini icra etməyə başlayacaq. Bu isə Tramp əleyhdarlarını bir qədər narahat edir. Belə fikirlər səsləndirilir ki, Vens Trampdan da betərdir”.
İ.İsmayıl bildirib ki, Trampın daxili siyasəti, o cümlədən rüsumlarla bağlı qərarları, xarici siyasətdə xüsusilə Rusiya-Ukrayna müharibəsinə münasibəti, İranla apardığı müharibə, bu müharibənin həddindən artıq uzanması, ABŞ-nin Tehran üzərində planlaşdırdığı uğuru əldə edə bilməməsi Ağ ev sahibinin mövqelərini ciddi şəkildə sarsıdıb: “Eyni zamanda bu, bütövlükdə respublikaçıların mövqelərinə mənfi təsir edib.
ABŞ-də bundan sonra nələr olacaq? Seçkilərdən sonra İranla yekun danışıqlar ola bilər. İran ABŞ-nin şərtini qəbul edərək Hörmüz boğazını açsa, daha sonra İranın şərtlərinin də həyata keçirilməsi mümkün olacaq.
Əks halda dünya Rusiya-Ukrayna müharibəsindən əlavə ABŞ-İran müharibəsinin də davam etdiyinin şahidi ola bilər. Bu isə regionda sabitlik qurmağa imkan verməyəcək”.
İ.İsmayıl qeyd edib ki, bu ilin əvvəlində İran cəmiyyətində rejimə qarşı ciddi narazılıq, etirazlar var idi: “ABŞ fevralda müharibəyə başlayandan sonra isə İran cəmiyyətində rejimin tərəfdarları ilə əleyhdarları arasında sanki birlik baş qaldırıb. Buna görə də Trampın İran siyasəti iflasa uğramış hesab olunur.
Bundan sonra hansı proseslərin baş verəcəyini birmənalı şəkildə söyləmək çətindir. Putin qarşıdan gələn qış boyu Ukraynanı müharibə yolu ilə tükəndirməyə və təslim olmağa məcbur etmək istəyir. Tramp da müxtəlif üsullarla ona dəstək verir. İran məsələsində də vəziyyət faktiki dalana dirənib və qarşıdakı dövrdə müharibənin davam etməsi ehtimalı var. Aralıq seçkilərində Tramp yürütdüyü siyasətin acı nəticələrini dada bilər. Respublikaçıların hər iki palatada məğlub olacağı ehtimalı çox böyükdür”.