Kobaxidzenin Bakı səfərində sərhəd məsələsi müzakirə olunacaq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze oktyabrın sonunda Azərbaycana səfər edəcək. Gürcüstanın ölkəmizdəki səfiri Giorgi Zakaraşvili bildirib ki, İrakli Kobaxidze iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun üzvü Azər Allahverənov bildirib ki, Kobaxidzenin Azərbaycana səfəri ikitərəfli münasibətlərin həm iqtisadi, həm də siyasi gündəliyinin müzakirəsi baxımından əhəmiyyətlidir:

“Səfər çərçivəsində iqtisadi əməkdaşlıq, tranzit və nəqliyyat marşrutları, enerji təhlükəsizliyi və regional kommunikasiyalarla yanaşı, son günlər Gürcüstan mediasında geniş müzakirə olunan Azərbaycan - Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi də nəzərdən keçirilə bilər. Amma bu, hələlik yalnız ehtimaldır. Burada bir məqamı xüsusi nəzərə almaq lazımdır: siyasi dialoqun davam etdirilməsi ilə sərhədin hüquqi baxımdan dəqiqləşdirilməsi bir-biri ilə əlaqəli olsa da, eyni proses deyil. Siyasi dialoq bu məsələnin ümumi çərçivəsini müəyyənləşdirir. Sərhədin razılaşdırılması, delimitasiya və demarkasiya ilə bağlı konkret qərarlar isə iki dövlətin aidiyyəti strukturlarının birgə müzakirələrinin nəticəsində qəbul edilməlidir. Məhz ikitərəfli görüşlər zamanı razılaşdırılmalı məsələlər müəyyənləşdirilir və onların həlli istiqamətində addımlar atılır”.

Deputat qeyd edib ki, son dövrdə baş verən hadisələr sərhəd məsələsinin hər iki ölkənin gündəliyində olduğunu göstərir:

“Oktyabrın 21-də İrakli Kobaxidzenin Azərbaycan - Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə daimi dialoqun aparıldığını, prosesin fəal davam etdirilməsi barədə qarşılıqlı razılaşmanın mövcud olduğunu və ciddi irəliləyişə ümid etdiyini bildirdiyini xatırlaya bilərik. Eyni zamanda, Gürcüstanın 2026 - 2027-ci illər dövlət büdcəsi layihəsində delimitasiya və demarkasiya məsələlərinin yer alması bu mövzunun hökumətin gündəliyində olduğunu göstərir. Bununla yanaşı, oktyabrın 10-da Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan - Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə dövlət komissiyasının tərkibi yenilənib. Bu, məsələnin institusional səviyyədə işlənməsinin davam etdiyini göstərən mühüm əlamətdir. Komissiyanın tərkibinin yenilənməsi Azərbaycanın da bu istiqamətdə konkret iradə nümayiş etdirdiyini göstərir”.

Azər Allahverənov əlavə edib ki, Gürcüstan səfirinin açıqlamasına əsasən, Kobaxidzenin Azərbaycana səfəri hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirakı ilə də bağlıdır. Onun sözlərinə görə, həmin formatda ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunacaq:

“Belə bir görüş çərçivəsində sərhəd məsələsi iqtisadi və siyasi əməkdaşlıqla paralel müzakirə oluna biləcək mühüm mövzulardan biridir. Bununla belə, səfərin əsas gündəliyində iqtisadi və siyasi əməkdaşlıq məsələlərinin dayanacağını nəzərə almaq lazımdır”.

O, əlavə edib ki, səfər çərçivəsində iqtisadi və ticarət əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji təchizatı, elektrik enerjisinin tranziti, dəmir yolu daşımaları, logistika və ticarətin asanlaşdırılması istiqamətində əlavə razılaşmalar əldə oluna bilər:

“Mayın 18-də Bakıda imzalanmış hökumətlərarası sənədlər enerji və nəqliyyat bağlantıları sahəsində əməkdaşlığın artıq konkret nəticələr verdiyini göstərir. İqtisadi əməkdaşlığın sərhəd probleminin həllinə necə təsir edəcəyinə gəlincə, Azərbaycan-Gürcüstan münasibətləri yalnız ikitərəfli ticarətlə məhdudlaşmır. Hər iki ölkə enerji ixracı, Şərq - Qərb nəqliyyat bağlantıları və regionun tranzit imkanları baxımından bir-birini tamamlayan tərəfdaşlardır. Bu əməkdaşlığın dərinləşməsi və aktual məsələlərin ikitərəfli gündəlikdə saxlanılması onların həlli üçün əlverişli siyasi mühit formalaşdıra bilər. Həmin məsələlər sırasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası da yer alır. Sərhəd boyunca sabitliyin qorunması, keçid məntəqələrinin səmərəli fəaliyyəti, logistika infrastrukturunun inkişafı və sərhədyanı rayonlarda iqtisadi fəallığın artması hər iki tərəfin maraqlarına cavab verir. Bu baxımdan iqtisadi gündəliyin irəli aparılması ilə sərhəd danışıqlarının paralel şəkildə davam etdirilməsi daha məqsədəuyğun yanaşmadır”.

Deputat vurğulayıb ki, iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və strateji tərəfdaşlığın möhkəmləndirilməsi qarşıdakı səfərin əsas nəticələrindən biri ola bilər:

“Səfər çərçivəsində strateji tərəfdaşlığın gücləndirilməsi, iqtisadi və siyasi əlaqələrin dayanıqlılığının təmin olunması üçün vacib məsələlər nəzərdən keçirilə bilər. Bununla belə, səfərin konkret prioritetləri barədə dəqiq fikir yürütmək üçün rəsmi gündəliyin açıqlanmasını gözləmək lazımdır. Ümumilikdə, bu səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edə biləcək mühüm təmas kimi qiymətləndirmək olar”.