Pərvin Şakirqızı ilə “Sualımız var”: Daimi yorğunluq, saç tökülməsi, əsəbilik nədən xəbər verir?

Bəzən insan özünü daim yorğun hiss edir, səbəbsiz yerə əsəbiləşir, ürəkdöyünmədən şikayətlənir və ya çəkisində dəyişiklik müşahidə edir. Bu əlamətləri gündəlik həyatın gərginliyi, yuxusuzluq və stresslə əlaqələndirmək asandır.

Lakin bəzi hallarda orqanizmin bu siqnalları qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntulardan xəbər verə bilər.

Bəs hansı əlamətlərə diqqət yetirmək lazımdır?

Hansı hallarda həkimə müraciət etmək və hormonal analizlər vermək məqsədəuyğundur?

Vaxtında aşkarlanmayan problemlər hansı fəsadlara yol aça bilər?

Moderator.az-da oxucuların müxtəlif sahələr üzrə suallarına aydınlıq gətirmək, onları maraqlandıran məsələləri müvafiq mütəxəssislərin və mövzu üzrə söz sahibi olan şəxslərin fikirləri əsasında işıqlandırmaq məqsədilə Pərvin Şakirqızı ilə “Sualımız var” rubrikasına start veririk.

Rubrikamızda sağlamlıqdan mədəniyyətə, ədəbiyyatdan ictimai məsələlərə qədər müxtəlif mövzulara toxunacaq, aktual sualları aidiyyəti şəxslərə ünvanlayaraq onların mövqeyini və izahlarını oxuculara çatdıracağıq.

Rubrikamızın ilk qonağı endokrinoloq Dr. Şövkət Əlişovadır.

Həkimlə qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntuların əlamətləri, müayinənin vacib olduğu hallar və vaxtında diaqnostikanın əhəmiyyəti barədə həmsöhbət olduq.

Moderator.az həmin müsahibəni təqdim edir.

— Qalxanabənzər vəzinin fəaliyyətindəki pozuntular bəzən uzun müddət adi yorğunluq, əsəbilik, ürəkdöyünmə, çəki dəyişikliyi və saç tökülməsi kimi əlamətlərlə özünü göstərə bilər. Bu xəstəliklərin ilkin əlamətlərini necə tanımaq olar?

— Qalxanabənzər vəzi kiçik ölçüsünə baxmayaraq, orqanizmin bir çox həyati funksiyalarının tənzimlənməsində mühüm rol oynayır. Onun hormonları maddələr mübadiləsinə, ürək-damar sisteminə, sinir sisteminə, bədən temperaturuna və reproduktiv sağlamlığa təsir göstərir.

Klinik təcrübədə tez-tez rastlaşdığımız məqamlardan biri xəstələrin uzun müddət davam edən şikayətlərini gündəlik yorğunluq, stress və ya yaşla əlaqələndirməsidir. Halbuki bəzən bu əlamətlərin arxasında tireoid hormonlarının çatışmazlığı və ya artıqlığı dayanır.

Qalxanabənzər vəzinin fəaliyyəti zəiflədikdə – hipotireoidizm zamanı xəstələr daha çox halsızlıq, yuxululuq, üşümə, qəbizlik, dəridə quruluq, saç tökülməsi, diqqət və yaddaş zəifliyindən şikayət edirlər. Bəzi xəstələrdə çəki artımı, üz nahiyəsində şişkinlik, qadınlarda isə menstrual tsiklin pozulması müşahidə oluna bilər.

Vəzinin fəaliyyəti artdıqda – hipertireoidizm zamanı isə əksinə, ürəkdöyünmə, əllərdə titrəmə, tərləmə, istiyə dözümsüzlük, əsəbilik, yuxu pozğunluğu və iştahanın normal, hətta artmış olmasına baxmayaraq çəki itkisi ön plana çıxır.

Burada vacib bir məqamı vurğulamaq istərdim: sadalanan əlamətlərin heç biri təkbaşına tireoid xəstəliyinin diaqnozu demək deyil. Məsələn, yorğunluq dəmir çatışmazlığında, saç tökülməsi müxtəlif hormonal və qeyri-hormonal vəziyyətlərdə, ürəkdöyünmə isə ürək ritm pozğunluqlarında da müşahidə edilə bilər.

Əsas diqqət yetirilməli məqam şikayətlərin davamlı olması, bir neçə əlamətin birlikdə ortaya çıxması və insanın əvvəlki sağlamlıq vəziyyətindən nəzərəçarpacaq dərəcədə fərqlənməsidir. Onu da unutmayaq ki, qalxanabənzər vəzinin bəzi funksional pozuntuları, xüsusilə başlanğıc mərhələdə, heç bir nəzərəçarpan şikayət yaratmaya bilər.

— Hansı şikayətlər zamanı TSH və digər analizlərin yoxlanılması məqsədəuyğundur və vaxtında aşkarlanmayan pozuntular hansı fəsadlara səbəb ola bilər?

— Amerika Tireoid Assosiasiyası (ATA) və Avropa Tireoid Assosiasiyasının (ETA) tövsiyələrinə əsasən, qalxanabənzər vəzinin funksiyasının ilkin qiymətləndirilməsində əsas laborator göstərici TSH-dir. Ehtiyac olduqda sərbəst T4 (sT4), hipertiroidizm şübhəsində isə T3 səviyyəsi və digər tireoid analizləri də yoxlanılır.

İzah olunmayan davamlı yorğunluq, səbəbsiz çəki dəyişikliyi, ürəkdöyünmə, istiliyə və ya soyuğa dözümsüzlük, qəbizlik, menstrual pozğunluqlar və hamilə qalmaqda çətinlik kimi hallarda tireoid funksiyasının qiymətləndirilməsi məqsədəuyğundur.

Bununla yanaşı, ailəsində tireoid xəstəliyi olan, autoimmun xəstəliklərdən əziyyət çəkən, hamiləlik planlaşdıran və ya əvvəllər qalxanabənzər vəzi ilə bağlı problem yaşamış şəxslərdə müayinə ehtiyacı fərdi şəkildə dəyərləndirilməlidir.

Vaxtında aşkarlanmayan və müalicə olunmayan aşkar hipotireoidizm qanda xolesterin səviyyəsinin yüksəlməsinə, ürək-damar sağlamlığının pisləşməsinə və reproduktiv problemlərə səbəb ola bilər. Hamiləlik dövründə nəzarətsiz hipotiroidizm ana və döl üçün əlavə risklər yaradır.

Davamlı hipertiroidizm isə ürək ritm pozğunluqları, xüsusilə qulaqcıqların fibrillyasiyası, sümük mineral sıxlığının azalması və osteoporoz kimi ciddi fəsadlarla nəticələnə bilər. Lakin burada digər mühüm məsələ də var: TSH göstəricisində hər dəyişiklik dərhal müalicəyə başlamaq demək deyil.

Xüsusilə subklinik pozuntularda qərar TSH və sT4 nəticələrinə, xəstənin yaşına, şikayətlərinə, yanaşı xəstəliklərinə və risk amillərinə əsaslanmalıdır. Bəzən təkrar analiz və müəyyən müddət izləmə daha düzgün yanaşmadır.

Pasiyentlərimə hər zaman izah etdiyim bir məqam var: orqanizmdə baş verən hər dəyişiklik xəstəlik əlaməti olmasa da, davamlı şikayətləri adi hal kimi qəbul etmək düzgün deyil.

Məqsəd hər yorğunluqda hormonal problem axtarmaq deyil, diqqət tələb edən əlamətləri vaxtında müəyyənləşdirməkdir. Erkən diaqnostika yalnız xəstəliyi aşkarlamaq deyil, həm də onun gələcəkdə yarada biləcəyi fəsadların qarşısını almaq imkanıdır.

Pərvin Şakirqızı

Moderator.az/ Redaktor