Azərbaycanda 2060-cı ilədək xalis sıfır emissiya hədəfi təsdiqlənib

Azərbaycanda 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə nail olmağı nəzərdə tutan “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” təsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyi iqtisadiyyatın sahələri üzrə dekarbonlaşma tədbirlərinin dövlət proqramlarına, strategiyalara, milli fəaliyyət planlarına və digər sənədlərə daxil edilməsini aidiyyəti qurumlarla əlaqələndirməklə təmin etməlidir.

Maliyyə Nazirliyinə isə müvafiq dekarbonlaşma tədbirlərinin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.

Qərarda qeyd olunub ki, 2060-cı ilədək “xalis sıfır emissiya” hədəfinə nail olunması əlavə maliyyə resurslarının cəlb edilməsindən asılı olacaq. Bu resurslara beynəlxalq əməkdaşlıq və maliyyə dəstəyi, texnologiyaların ötürülməsi, güzəştli kreditlər və özəl sektor investisiyaları daxildir.

Hədəf şərti xarakter daşıyır.