Oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq hüquqları aylığı” elan edilib. Medianews.az saytı bununla əlaqədar olaraq Hüquq və İnsan Haqları İnstitutunun İnsan hüquqları üzrə təlim və ekspertiza şöbəsinin təlimçi-eksperti Zümrüd Əlizadədən müsahibə götürüb.
- Azərbaycanda uşaqların daha çox hansı hüquqları pozulur və bu hallar əsasən hansı mühitlərdə baş verir?
- Azərbaycanda uşaq hüquqlarının pozulması ilə bağlı rəsmi statistik məlumatlar ayrı-ayrı dövlət qurumlarının hesabatlarında əks olunur. Aşağıda sadalananlar həmin hesabatlara müvafiq olaraq, eləcə də Azərbaycan qanunvericiliyinə və beynəlxalq insan hüquqları standartlarına əsasən mühüm hüquq müdafiəsi riskləri daşıması baxımından qruplaşdırılmışdır. Lakin hansı uşaq hüququnun ən çox pozulduğunu qəti şəkildə müəyyənləşdirmək üçün müvafiq dövlət qurumlarının vahid dövr üzrə müqayisə edilə bilən açıq rəsmi statistik məlumatlarının əlçatan olması lazımdır.
Zorakılıqdan və ləyaqəti alçaldan rəftardan müdafiə hüququ. Uşaqlara qarşı fiziki cəza, döymə, təhqir, hədələmə, psixoloji təzyiq, cinsi zorakılıq və digər qəddar rəftar formaları bu hüququn pozulmasına səbəb olur.
Təhsil hüququ. Uşağın təhsildən yayınmasına şərait yaradılması, məktəbə davamiyyətinin təmin edilməməsi, təhsil mühitində ayrı-seçkilik, müəllim tərəfindən alçaldıcı rəftar və məktəbdaxili zorakılıq bu sahədə əsas risklərdəndir. Xüsusilə əlilliyi olan, sosial həssas ailələrdən gələn və ucqar ərazilərdə yaşayan uşaqların təhsilə bərabər çıxışı diqqət tələb edir.
Sağlamlıq və inkişaf hüququ. Uşağın zəruri tibbi yardımdan, düzgün qidalanmadan, təhlükəsiz yaşayış şəraitindən və psixoloji dəstəkdən məhrum edilməsi onun sağlamlığına və inkişafına mənfi təsir göstərir.
Şəxsi həyatın toxunulmazlığı və rəqəmsal təhlükəsizlik hüququ. Qanuni əsas olmadan uşaqların şəxsi məlumatlarının, foto və videolarının yayılması, sosial şəbəkələrdə təhqir, təhdid, şantaj və kibertəqib müasir dövrdə ciddi risklər yaradır.
Ailədə yaşamaq, fikrini ifadə etmək, valideynləri və digər qohumları ilə ünsiyyətdə olmaq hüququ. Valideynlər arasında münaqişələr zamanı uşağın mənafeyinin nəzərə alınmaması, onun valideynlərlə ünsiyyət hüququna qanunsuz müdaxilə, emosional ehtiyaclarının diqqətdən kənarda qalması və uşağın fikrinin dinlənilməməsi də hüquq pozuntusuna səbəb ola bilər.
İqtisadi istismardan müdafiə hüququ. Uşaqların yaşına və sağlamlığına uyğun olmayan işlərə cəlb edilməsi, məcburi əmək, küçədə dilənçiliyə məcbur edilmə və təhsilinə mane olan əmək fəaliyyəti onların hüquqlarını pozur.
Bu pozuntuların baş verə biləcəyi əsas mühitlər ailə, təhsil müəssisəsi, sosial qayğı müəssisələri, kiberməkan (internet platformaları, sosial şəbəkələr və s.), əmək mühiti, ictimai məkanlar və sairədir.
- Uşaqların hüquqlarının pozulmasına görə valideynlərin, məktəblərin və digər məsul şəxslərin hüquqi məsuliyyəti nədən ibarətdir?
- Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının pozulmasına görə məsuliyyət hüquq pozuntusunun xarakterindən, ağırlıq dərəcəsindən, nəticələrindən və təqsirləndirilən şəxsin hüquqi statusundan asılı olaraq müəyyən edilir.
İlk növbədə valideynlərin məsuliyyətinə toxunaq. Ailə Məcəlləsinə əsasən, valideynlər uşaqlarının sağlamlığına, tərbiyəsinə, təhsilinə, fiziki, psixi, mənəvi və əxlaqi inkişafına görə məsuliyyət daşıyırlar.
Valideynin uşağa qarşı zorakılıq tətbiq etməsi, onun qayğısına qalmaması, təhsilinə mane olması və ya valideynlik hüquqlarından sui-istifadə etməsi aşağıdakı hüquqi nəticələrə səbəb ola bilər:
Ailə-hüquqi məsuliyyət: qanunla nəzərdə tutulmuş əsaslar olduqda valideynlik hüquqlarının məhdudlaşdırılması və ya valideynlik hüquqlarından məhrumetmə.
İnzibati məsuliyyət: uşağın tərbiyəsi və təhsili ilə bağlı qanuni vəzifələrin yerinə yetirilməməsi və digər inzibati xətalara görə cərimə.
Cinayət məsuliyyəti: uşağa qarşı cinayət tərkibi yaradan zorakılıq, işgəncə, cinsi istismar, təhlükədə qoyma və digər əməllərə görə müvafiq cinayət-hüquqi sanksiyalar.
Mülki-hüquqi məsuliyyət: qanunla müəyyən edilmiş əsaslar mövcud olduqda uşağa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi.
Məktəblərin və müəllimlərin məsuliyyətinə gəlincə, qeyd etməliyik ki, təhsil müəssisələrinin və onların əməkdaşlarının vəzifəsi yalnız tədris prosesini həyata keçirmək deyil, həm də uşağın təhlükəsizliyini, ləyaqətini və hüquqlarını qorumaqdır.
Müəllim və ya digər məktəb əməkdaşı uşağa qarşı fiziki və psixoloji zorakılıq törətdikdə, onu təhqir etdikdə, ayrı-seçkiliyə yol verdikdə və ya təhlükəsizliklə bağlı vəzifələrini yerinə yetirmədikdə intizam, inzibati, mülki və müəyyən hallarda cinayət məsuliyyəti yarana bilər.
Digər şəxslərin də məsuliyyətindən danışmaq olar. Uşaqların müdafiəsi ilə bağlı vəzifələr tibb işçilərinə, sosial xidmət əməkdaşlarına, idman məşqçilərinə, uşaq müəssisələrinin rəhbərlərinə və digər məsul şəxslərə də aid edilməklə uşağın zorakılığa məruz qalması barədə qanunla tələb olunan məlumatın verilməməsi, uşağın təhlükəsizliyinin təmin edilməməsi və ya ona qarşı qanunsuz rəftar hüquqi məsuliyyət yarada bilər.
Burada 2026-cı ildə qanunvericiliyə daxil edilmiş iki mühüm inzibati xəta xüsusi diqqətə layiqdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 189-4-cü maddəsi valideynlərə və onları əvəz edən şəxslərə, eləcə də uşaqlara nəzarət vəzifəsi daşıyan müvafiq müəssisələrin işçilərinə şamil olunur. Məcəllənin 189-5-ci maddəsi isə qanunda göstərilən müəssisələrdə, o cümlədən təhsil müəssisələrində, davamlı təzyiq və aqressiv davranışın qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutur. Beləliklə, qanunvericilikdə yalnız uşağa qarşı zorakılığı törədən şəxsin deyil, zorakılıq əlamətlərini görüb məlumat verməyən və ya qanuni müdaxilə vəzifəsini yerinə yetirməyən şəxslərin də məsuliyyəti təsbit edilib.
- Uşağın hüquqları pozulduqda valideynlər və ya uşağın özü hansı qurumlara müraciət edə bilər?
- Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi üçün bir neçə dövlət və qeyri-dövlət müraciət mexanizmi mövcuddur. Müraciət ediləcək qurum hüquq pozuntusunun xarakterindən asılı olaraq seçilməlidir. Həmin qurumlar bunlardır:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman);
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi;
Polis və prokurorluq orqanları;
Uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyalar;
Elm və Təhsil Nazirliyi və aidiyyəti təhsil idarəetmə orqanları;
Məhkəmələr;
Azərbaycan Uşaq Qaynar Xətti.
- Uşaq şəxsən müraciət edə bilərmi?
- Bəli. Ailə Məcəlləsinin 51-ci maddəsi uşağın öz hüquqlarını müdafiə etmək hüququnu tanıyır. Belə ki, uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynlər tərbiyə və təhsillə bağlı vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq müvafiq səlahiyyətli orqana, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət edə bilər.
Əlavə olaraq qeyd etmək lazımdır ki, 2026-cı il qanunvericilik dəyişiklikləri ilə uşağa zərər vurduğu iddia edilən şəxsin həmin uşağın qanuni nümayəndəsi qismində mülki prosesdə iştirakına məhdudiyyət müəyyən edilib. Bu, uşağın mənafeləri ilə onu təmsil edən şəxsin maraqları arasında ziddiyyət yaranmasının qarşısını almaq baxımından əhəmiyyətlidir.
Ümumiyyətlə, bu il aprelin 15-də Azərbaycanda qəbul edilmiş yeni “Uşaq hüquqları haqqında” qanun uşaqların üstün mənafeyinin qorunması və hüquqlarının təminatı, zorakılıqdan müdafiəsi, eləcə də dövlət nəzarəti ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Uşaq hüquqlarının qorunmasının ən mühüm prinsipi uşağın təhlükəsizliyi, ləyaqəti və üstün mənafeyinin həm dövlətin qanunvericiliyi və icra mexanizmləri ilə, həm də ailədə, təhsil müəssisələrində, internet platformaları və sosial şəbəkələrdə, eləcə də digər məkanlarda əsas götürülməsidir.
“Uşaq hüquqları aylığı”nın əhəmiyyəti də məhz bu yanaşmanın yalnız bir aylıq maarifləndirmə tədbiri kimi deyil, ilboyu davam edən hüquqi və institusional öhdəlik kimi qəbul edilməsindədir.