“Rusiya, ABŞ və Çin görüşərək dünyadakı hegemonluqlarını bölüşdürməyə çalışa bilərlər”
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Telman Nüsrətoğlu bildirib.
Dünən gecədən etibarən İsrailin qırıcıları İran səmasında uçuşlar həyata keçirməyə başlayıb.
Bölgədə müharibə davam edəcəkmi? Seçkilər öncəsi İsrail belə bir addım ata bilərmi?
T.Nüsrətoğlu bu və digər suallarla bağlı fikirlərini bizimlə bölüşüb:
“Şübhəsiz ki, həm İsraildə, həm də ABŞ-da keçiriləcək seçkilər, eləcə də hər iki liderin mürəkkəb daxili siyasətlə qarşı-qarşıya qalması müəyyən həmlələrin edilməsi və atəşkəsin pozulması ehtimalını artırır. Bir tərəfdən ABŞ-Rusiya danışıqları davam edir. Rusiya İranın Hörmüz boğazını əvvəlki rejimə qaytarması üçün təzyiq göstərir, lakin nüvə danışıqları zamanla davam etdirilə bilər. Trampın daxili-siyasi vəziyyəti hazırda çox acınacaqlıdır. Nümayəndələr Palatası və Senatda çoxluğun itirilməsi riski ciddidir; Tramp daxildə çətin vəziyyətlə qarşılaşarsa, üstünlük qazanan demokratların gələcəkdə onu impiçment edə biləcəyini düşünərək yəhudi lobbisinin və İsrailin təsirinə daha çox düşə bilər ki, bu da ayrı bir problemdir. Digər tərəfdən, İranın müqavimət potensialı doğru qiymətləndirilmir. Bu isə gələcəkdə daha böyük fəlakətlərə və Körfəz ölkələrinin də prosesə cəlb olunacağı bir vəziyyətə gətirib çıxara bilər. Belə olan halda İranın yenidən bombalanması və İranla bağlı hərbi ritorikanın ön plana çıxması vəziyyəti daha da kəskinləşdirə bilər, diplomatiya müstəvisində isə heç bir irəliləyiş yoxdur.”
Politoloqun verdiyi məlumata görə, Rusiya, Çin və ABŞ üçtərəfli görüş keçirərək Rusiya–Ukrayna müharibəsini, ABŞ–İran münaqişəsini və Tayvan məsələsini birgə müzakirə etmək üçün Rusiyanın çağırışına müsbət cavab verə bilərlər ki, bu da gələcəkdə bölgə üçün təhlükəlidir:
“İran hazırda öz tələblərindən geri çəkilmir. Digər tərəfdən, Rusiya Çin–ABŞ–Rusiya görüşünün keçirilməsini təklif edir. Bu görüşdə tərəflərin həm Ukraynadakı müharibəni, həm də İran–İsrail–ABŞ münaqişəsini müzakirə etməsi, bu üç hegemon dövlətin birgə həll yolları tapması nəzərdə tutulur. Bu dövlətlər sözügedən görüşlə dünyadakı hegemonluqlarını bölüşdürməyə çalışırlar ki, bu da çox mürəkkəb məsələdir. Hər bir halda müharibə riski heç vaxt gözardı edilə bilməz.”