Oktyabrın 21-də Mətbuat Şurası bəzi jurnalistlərin adından saxta vatsap (WhatsApp) hesablarının yaradıldığı barədə xəbərdarlıq yayıb. Şura bildirib ki, son günlər tanınmış jurnalistlərin adından saxta hesablarının yaradılması və həmin hesablar vasitəsilə müxtəlif məzmunlu mesajların göndərilməsi haqda məlumatlar daxil olur.
Oktyabrın 22-də Medianews.az saytı bu məsələ ilə bağlı əlavə bilgi almaq üçün Mətbuat Şurasına müraciət edib.
Şuranın İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli sayta deyib ki, belə bir qanunsuzluqla özü də qarşılaşıb: “Oktyabrın 16-sı saat 12 radələrində tanıdığım insanlardan məlumat aldım ki, +994 993 97 28 63 nömrəsi üzərindən mənim adıma vatsap hesabı açılıb və həmin hesabdan mesajlar göndərilir. Mənim belə bir telefon nömrəm yoxdur, o nömrə vasitəsilə yaradılmış hesab da, göndərilən mesajlar da saxtadır”.
M.Ələsgərli qeyd edib ki, saxta hesabdan göndərilən mesajlar fərqli məzmundadır: “Böyük əksəriyyəti də ictimai-siyasi proseslərə aiddir. Azərbaycanın dövlət strukturları, xüsusən hüquq mühafizə orqanları barədə təxribatçı mahiyyət daşıyan mesajlardır. Xatırladım ki, bu tip saxtakarlıqlar barədə dövlət strukturları, xüsusən Dövlət Təhlükəsizliyi Xidməti hələ bir neçə gün öncədən məlumatlandırıcı xəbərlər paylaşıb. Qeyd edilib ki, bu qanunsuz fəaliyyəti xaricdəki mütəşəkkil kibercinayətkar şəbəkələr həyata keçirir. Həmin qruplaşmalar süni intellekt alqoritmlərindən və xüsusi proqram təminatlarından istifadə etməklə dövlət qulluqçularını, müxtəlif müəssisə və təşkilatların əməkdaşlarını, eləcə də jurnalistləri və digər vətəndaşları hədəfə alırlar. Yəni işin təxribat olduğu dövlətimizə bəllidir. Amma istənilən halda mən narahat oldum ki, saxta hesabdan göndərilən mesajları alan şəxslərdən kimsə fərqinə varmadan, həmin mesajlarda ehtiva edilən informasiyaları real məlumat kimi paylaşa bilər. Ona görə məsələdən xəbər tutan kimi zəruri addımları atdım.
Dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib məlumat verdim. Ardınca yaşadığım ərazi üzrə polis bölməsinə getdim və ərizə yazıb hadisənin bildiyim detallarını təsvir etdim. Eyni zamanda [email protected] elektron poçt ünvanı vasitəsilə Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət etdim, həmçinin agentliyin 1654 qaynar xətti ilə əlaqə saxladım. Paralel olaraq tanıdığım şəxslər vasitəsilə, təxminən 20 nəfər nömrədən WhatsApp platformasına şikayət verdik.
Son günlər yeddi nəfərə yaxın jurnalistin və üç nəfərə yaxın qeyri-hökumət təşkilatı sədrinin adından bu cür saxta hesablar açıldığı barədə məlumat almışam. Təəssüratım belədir ki, bu cinayətkar kampaniyanı icra edənlərin məqsədi təkcə dələduzluq yolu ilə maddi vəsait ələ keçirmək deyil. Çünki onlar yaratdıqları saxta hesablardan ictimai-siyasi məzmunlu məlumatlar göndərirlər. Bu mühüm amil unudulmamalıdır. Bənzər situasiya ilə üzləşən həmkarlarıma da tövsiyə edirəm ki, Mətbuat Şurasının yaydığı xəbərdarlığı diqqətlə oxusunlar. Orada atılması zəruri olan addımlar göstərilib”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas Medianews.az-a bildirib ki, sözügedən qanunsuz metod kiberməkanda çoxdan yayılıb və artıq bəlli, şablon üsul hesab olunur: “Hansısa nömrədən vatsap hesabı açır, tanınmış şəxsin fotosundan, ad-soyadından istifadə edir, onun dostlarına, iş yoldaşlarına mesaj yazıb əsasən maddi yardım, borc pul istəyirlər.
Hazırda hədəfdə həm də jurnalistlərdir. Əvvəllər daha çox vəzifəli şəxslər, məmurlar, influenserlər, bloqçular hədəf alınırdı. İndi eyni üsul jurnalistlərə qarşı da tətbiq olunur. Bu o deməkdir ki, tanıdığınız jurnalistin adından sizə mesaj gələ, o ad altında gizlənmiş şəxs sizinlə hal-əhval tuta, çətin vəziyyətdə olduğunu bildirib kömək diləyə, borc pul istəyə, pul göndərməyiniz üçün kart məlumatları təqdim edə bilər.
Bu, fişinq metodudur. Belə situasiyada adından istifadə olunan şəxsin telefonunuzdakı həqiqi nömrəsinə diqqət yetirin. Onda mesaj aldığınız nömrənin fərqli olduğunu görəcəksiniz. Aydın olacaq ki, mesaj tamamilə başqa bir nömrədən göndərilib.
Saxtakarlıq üzə çıxanda həmin hesabdan kütləvi şəkildə şikayət etmək, həmçinin Mətbuat Şurasının 21 oktyabr xəbərdarlığında göstərilən digər addımları atmaq lazımdır. Vətəndaşlar diqqətli olmalı, onlara mesaj göndərən şəxsin həqiqətən tanıdıqları insan olub-olmadığını və nömrələrin üst-üstə düşüb-düşmədiyini yoxlamalıdırlar. Çünki bir şəxsin fotosunun, ad-soyadının görünməsi hələ mesaj yazanın həmin şəxsin özü olduğu demək deyil”.
Mətbuat Şurasının 21 oktyabr xəbərdarlığında bənzər hallarla qarşılaşan şəxslərə aşağıdakı addımları atmaq tövsiyə edilib:
- Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurun, hüquq-mühafizə orqanlarını məlumatlandırın. Yaşadığınız ərazi üzrə polis bölmələrinə də müraciət edə bilərsiz.
- Milli Kibertəhlükəsizlik Agentliyinə müraciət edin. Hadisə barədə [email protected] elektron poçt ünvanına məlumat göndərin və ya Agentliyin 1654 qaynar xətti ilə əlaqə saxlayın.
- İctimaiyyəti məlumatlandırın. Sizin adınızdan saxta hesabın fəaliyyət göstərdiyini şəxsi sosial şəbəkə hesablarınız vasitəsilə ictimailəşdirin. İnsanlar həmin hesabdan göndərilən mesajların sizə aid olmadığını bilsinlər, onların məzmununu həqiqət kimi qəbul etməsinlər.
- Saxta hesabı WhatsApp platformasına şikayət edin. Bunun üçün hesabın profilinə daxil olaraq mövcud şikayətetmə funksiyasından istifadə edin. Saxta hesabdan göndərilən mesajların ekran görüntülərini, telefon nömrəsini və digər müvafiq məlumatları sübut kimi saxlayın. Saxta hesabın bloklanması üçün digər zərərçəkmiş şəxsləri də müvafiq qaydada şikayət göndərməyə çağırmaq olar. Minimum 15 nəfər tərəfindən şikayət verilməsi daha effektiv olur.
- Mesajların həqiqiliyini alternativ vasitələrlə yoxlayın. Tanıdığınız şəxsin adından şübhəli mesaj aldıqda, onunla telefon zəngi və ya əvvəlcədən məlum olan digər ünsiyyət vasitəsi ilə əlaqə saxlayaraq, məlumatın doğruluğunu dəqiqləşdirin.
Jurnalistlər və digər media nümayəndələri belə hallarla qarşılaşdıqda Mətbuat Şurasını da məlumatlandıra, dəstək üçün şuraya müraciət edə bilərlər.