Fransa Prezidenti Emmanuel Makron qarşıdakı günlərdə keçirilməsi planlaşdırılan nümayişlərin, həmkarlar ittifaqları tərəfindən təşkil olunan aksiyalar istisna olmaqla, qadağan ediləcəyini bildirib.
Emmanuel Makron bunu qarşıdakı etiraz aksiyalarına həsr olunmuş və hökumət üzvlərinin iştirak etdiyi müşavirənin yekununda deyib.
“Hazırda etirazların vaxtı deyil. Hamımızın sakitliyə qayıtmağa ehtiyacı var”, – deyə Makron bildirib.
O, oktyabrın 17-də baş verən iğtişaşlara görə radikal solçu qruplaşmaları ittiham edib. Prezidentin sözlərinə görə, həmin qrupların məqsədi respublikanı məhv etməkdir.
Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq kütləvi nümayişlər keçirilib. Aksiya təşkilatçılarının hesablamalarına görə, nümayişlərdə 800 min nəfər iştirak edib. Fransanın Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər açıqlayıb. Bu göstərici təhlükəsizlik qurumlarının analitiklərinin əvvəlcədən verdiyi proqnozları iki dəfə üstələyib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Fransanın daxili işlər naziri Loran Nünyes talanlarda və qarətlərdə iştirak edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlərin davam etdiriləcəyini bildirib.