Çexiya Prezidenti müdafiə nazirini Ukrayna ilə bağlı mövqeyinə görə sərt tənqid etdi

Çexiya Prezidenti Petr Pavel ölkənin müdafiə naziri Yaromir Zunanın fəaliyyətini və Ukraynaya münasibətini kəskin tənqid edib.

"Česká televize" telekanalına istinadən, dövlət başçısı nazirin addımlarını ölkə maraqlarına zidd hesab etdiyini bildirib.

"Deməliyəm ki, onun fəaliyyətini bizə hər hansı şəkildə kömək edən deyil, daha çox destruktiv və Çexiya Respublikasına zərər vuran bir fəaliyyət kimi qəbul edirəm", — deyə Pavel vurğulayıb.

Prezident xatırladıb ki, Y.Zuna daha əvvəl Baş Qərargah rəisi Miroslav Qlavaçın Ukrayna ordusunun döyüş təcrübəsini öyrənmək məqsədilə Kiyevə planlaşdırılan səfərinə mane olub.

Pavel, həmçinin Müdafiə Nazirliyindəki "qeyri-standart kadr qərarlarından" və nazirin ölkənin müdafiə xərclərini məhdudlaşdırmaq cəhdlərindən narahatlığını ifadə edib.

Onun sözlərinə görə, bu mövqe nazirin təmsil etdiyi "Azadlıq və Birbaşa Demokratiya" (SPD) partiyasının siyasi kursuna uyğundur.

Qeyd edək ki, daha əvvəl Çexiyanın Baş naziri Andrey Babiş də Avropa İttifaqı büdcəsindən Ukraynaya vəsait ayrılmasına qarşı çıxış edərək, Kiyevin maliyyələşdirilməsinin "Avropa büdcəsindən kənar" həyata keçirilməli olduğunu bildirib.