“Patriot”lara qarşı rus “yırtıcı”sı – Su-57-lər orduya təhvil verildi…

Rusiyanın Müdafiə Nazirliyi beşinci nəsil Su-57 qırıcılarının yeni partiyasını qəbul edib.

Bu barədə “Rostex” dövlət korporasiyasının tərkibinə daxil olan Birləşmiş Aviasiya Korporasiyası məlumat yayıb.

Yeni qırıcılar təkmilləşdirilmiş bort avadanlığı və modernləşdirilmiş silah kompleksləri ilə təchiz olunub. Təyyarələr zavod sınaqlarından keçirilib və Rusiya Müdafiə Nazirliyinin pilotları tərəfindən müxtəlif uçuş rejimlərində yoxlanılıb. Növbəti partiyaların istehsalı da davam edir.

Su-57 forsaj rejimindən istifadə etmədən səsdən yüksək sürətlə uçmaq, yüksək manevr qabiliyyəti, müasir elektron idarəetmə sistemləri, radar görünürlüğünü azaldan “stels” texnologiyası və silahların gövdədaxili bölmələrdə yerləşdirilməsi imkanları ilə seçilir.

Rusiya tərəfinin məlumatına görə, Çinin J-20 və J-31 qırıcıları sürət göstəricilərinə görə Su-57-dən geri qalır, Yaponiyanın eksperimental X-2 təyyarəsində isə gövdədaxili silah bölməsi yoxdur.

Su-57-nin əsas rəqibləri ABŞ istehsalı olan F-22 “Raptor” və F-35 “Lightning II” qırıcıları hesab edilir. F-22 əsasən havada üstünlüyün təmin edilməsi üçün nəzərdə tutulub. F-35 isə yerüstü hədəflərə zərbə endirmək imkanlarına malikdir.

Su-57 əvvəldən hava, quru və dəniz hədəflərinə qarşı istifadə üçün çoxfunksiyalı döyüş təyyarəsi kimi hazırlanıb.

Qırıcının intellektual informasiya-idarəetmə sistemi uçuş tapşırıqlarının böyük hissəsini avtomatik rejimdə yerinə yetirmək imkanına malikdir. Rusiya tərəfi pilotun S-70 “Oxotnik” pilotsuz uçuş aparatlarını, S-71K “Kover” kamikadze dronlarını və S-71M “Monoxrom” qanadlı raketlərini idarə etməsinin də nəzərdə tutulduğunu bildirir.

Su-57 “Suxoy” konstruktor bürosu tərəfindən hazırlanıb. Təyyarə ilk sınaq uçuşunu 2010-cu il yanvarın 29-da Komsomolsk-na-Amur şəhərində həyata keçirib. İlk seriya istehsalı olan qırıcı 2020-ci ildə Rusiya ordusuna təhvil verilib.

NATO təsnifatında “Felon” adlandırılan Su-57 Rusiyanın ilk beşinci nəsil qırıcısıdır.

Rusiya tərəfi Su-57-nin “Patriot”, NASAMS və IRIS-T kimi müasir Qərb hava hücumundan müdafiə sistemlərinin mövcud olduğu döyüş şəraitində effektivliyini nümayiş etdirdiyini bildirir.

Ukrayna tərəfi isə Su-57 qırıcılarının Odessa vilayətindəki hədəflərə qarşı X-59 və X-69 raketlərindən istifadə etməsi barədə mütəmadi məlumat yayır.\\Musavat.com