İsrailin ərəbəsilli "RAAM" partiyasının lideri Mənsur Abbasın Qadi Ayzenkotla mümkün siyasi əməkdaşlıq müqabilində bir sıra ciddi tələblər irəli sürdüyü bildirilir.
İsrail mediasının yaydığı məlumata görə, Abbas Ayzenkotun rəhbərliyi altında formalaşa biləcək gələcək koalisiya hökumətində iştirak etmək üçün üç əsas şərt irəli sürüb.
Bunlardan birincisi "RAAM" partiyasına hökumətdə iki nazir postunun verilməsidir. İkinci tələb ərəb sektorunun ehtiyacları üçün 30 milyard şekel həcmində büdcə ayrılmasıdır.
Abbasın üçüncü şərti isə Negev bölgəsində ərəb əhalisinə məxsus qanunsuz tikililərin tam şəkildə leqallaşdırılmasıdır.
Bu tələblər İsraildə gələcək siyasi konfiqurasiya və mümkün koalisiya danışıqları fonunda xüsusi diqqət çəkir.
Mənsur Abbasın irəli sürdüyü şərtlərin Ayzenkot tərəfindən qəbul edilib-edilməyəcəyi və tərəflər arasında razılaşmanın əldə olunub-olunmayacağı hələlik məlum deyil.
Qeyd edək ki, "RAAM" partiyası İsrailin ərəb siyasi düşərgəsinin əsas qüvvələrindən biridir. Mənsur Abbas isə əvvəlki siyasi proseslərdə də koalisiya hökumətlərinin formalaşmasında həlledici rol oynamaq imkanları ilə diqqət çəkib.
Onu da xatırladaq ki, Mənsur Abbas son açıqlamalarında HƏMAS hərəkatını terror təşkilatı adlandırıb. O, noyabrın 28-də İsrailin 12-ci kanalına müsahibəsində HƏMAS-ın terror təşkilatı olduğunu açıq şəkildə bəyan edərək, bu mövqenin onun üçün yeni olmadığını bildirib. Abbasın sözlərinə görə, rəhbərlik etdiyi RAAM partiyası HƏMAS-ın fəaliyyətini və oktyabrın 7-də İsrailə hücumunu terror aktı kimi qiymətləndirib.
Bununla belə, o, HƏMAS-ın terror təşkilatı kimi tanınmasından bütün Fələstin xalqına, o cümlədən Qəzza zolağının mülki əhalisinə qarşı müharibəyə bəraət qazandırmaq üçün istifadə edilməməli olduğunu vurğulayıb. Abbas bu mövqeyini açıq ifadə etməsinin özünün və ailəsinin təhlükəsizliyi baxımından risklər yaratdığını da etiraf edib. Cavabında HƏMAS rəhbərliyi M.Abbası "xain" adlandırıb...
Onun HƏMAS-la bağlı bu bəyanatı Qadi Ayzenkotun gələcək koalisiya tərəfdaşları üçün irəli sürdüyü siyasi şərtlər fonunda xüsusi əhəmiyyət daşıyır...
S.Laçın