"Qorxunu üzərimizdən atsaq, geridönüş edə bilərdik”

Premyer-liqanın 13-cü turunda “Sumqayıt” “Qarabağ”ın qonağı olub. “Gənclik şəhəri” təmsilçisi Ağdam klubuna 2:4 hesabı ilə uduzub.

Matçdan sonra “Sumqayıt”ın baş məşqçisi Filipe Kandido mətbuat konfransında görüşü dəyərləndirib:

- Oyunun sonunda futbolçularımla fəxr etdim. Onlar hər stadionda, hər rəqibə qarşı sona qədər oynamağa çalışırlar. İlk hissədə bərabər oyun keçdi. Təbii ki, rəqib topa bizdən daha çox sahib idi, amma ilk 40 dəqiqədə inamlı oyun göstərdik. İlk hissənin son 5 dəqiqəsində iki fərdi səhv etdik. Rəqibin çox yaxşı futbolçuları var. Bu imkanlardan yararlandılar və ilk hissəni geridə bitirdik. Qorxunu üzərimizdən atsaq, geridönüş edə bilərdik. Daha sonra hesabı bərabərləşdirsək də, çətinlik çəkdik. İnanıram ki, belə komandalara qarşı qalib gələ bilərik.

- “Sumqayıt” 2-ci dəfədiki özündən üstün komandaya qarşı 2 qol vurur, sonra geriyə düşür. Futbolçular rəqibdən çəkinir, yoxsa sonda güc çatmır?

- Haqlısınız. Səfər oyunlarında iki qol vurarkən ən azı bir xal almalıyıq. Biz ilk vaxtlardan bir çox əsas futbolçumuz olmadan meydana çıxdıq. Bu gün akademiyadan dörd futbolçunu meydana buraxdıq. Çalışırıq. Bəzi komandalara qarşı oynamaq çətindi. Futbolçularımla fəxr edirəm. Onlar hər zaman daha yaxşı olmağa çalışırlar. Hər şey nəticə ilə ölçülmür. Əzmkarlıq olmalıdı. Əzmkarlıq olsa, nəticə də olar.

- Gənc oyunçulara şans verirsiz. Amma “Şəfa” xal fərqini azaldıb. Autsayder ola biləcəyinizdən narahat olmursuz?

- Bu periodda turnir cədvəlinə baxmağı sevmirəm. Hazırda xal toplamağa çalışırıq. Cədvələ liqanın son turlarında baxarıq. İnanırıq ki, yüksək pillələrdə qərarlaşacağıq.