Azərbaycanda doğulan oğlunu müharibədə itirən qadınla bağlı qərar verilib

Rusiyanın Krasnoyarsk diyarında yaşayan qadının Rusiya-Ukrayna müharibəsində həlak olan oğlu ilə qohumluq əlaqəsi məhkəmə tərəfindən təsdiqlənib.

“Severokraya” nəşrinin məlumatına görə, qadınla oğlunun fərqli soyad daşıması səbəbindən onun anası olduğunu sənədlərlə sübut edə bilməyib.

O bu səbəbdən oğlunun müharibə iştirakçısı kimi ölümünə görə nəzərdə tutulan sosial ödənişləri və güzəştləri rəsmiləşdirməkdə çətinlik çəkib.

Məlumata görə, qadının oğlu Azərbaycanda doğulub. Anası ailə qurduqdan sonra öz soyadını dəyişməyib.

Daha sonra ailə Taymıra qayıdıb. Oğlan anası, qardaş və bacıları ilə birlikdə Novaya və Xeta yaşayış məntəqələrində böyüyüb.

Qadın Krasnoyarsk diyarının prokuroruna şəxsi qəbul zamanı müraciət edib. Bundan sonra məsələ Taymır rayon prokurorluğunun nəzarətinə götürülüb. Prokurorluq qohumluq əlaqəsini təsdiqləyən sübutları toplayaraq məhkəməyə müraciət edib.

Məhkəmə prosesində şahidlər də dindirilib və nəticədə ana ilə oğul arasındakı qohumluq faktı təsdiqlənib.

Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra prokurorluq sosial dəstək tədbirlərinin rəsmiləşdirilməsi üçün sənədlərin müvafiq qurumlara təqdim edilməsinə kömək edəcək