"Azərbaycan və Litva iqtisadi əməkdaşlığı genişləndirmək niyyətindədir"

Azərbaycan və Litva arasında iqtisadi əlaqələrin genişləndirilməsi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılır.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov litvalı həmkarı Kestutis Budrislə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, iki ölkənin əlaqələndirici qrupları iş adamlarının təklif və gözləntilərini dinləməli, əməkdaşlığın genişləndirilməsi üçün zəruri dəstək mexanizmlərini müzakirə etməlidirlər.

Onun sözlərinə görə, ikitərəfli iqtisadi münasibətlərin inkişafında biznes nümayəndələrinin ehtiyaclarının nəzərə alınması mühüm əhəmiyyət kəsb edir. C.Bayramov Azərbaycanda mövcud biznes imkanları və perspektivli əməkdaşlıq sahələri barədə Litva şirkətlərinin ətraflı məlumatlandırılmasının vacibliyini vurğulayıb. Nazir bu baxımdan Ələt Azad İqtisadi Zonasının, Azərbaycanın logistik üstünlüklərinin, eləcə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarının təklif etdiyi imkanların xüsusi əhəmiyyət daşıdığını qeyd edib.