Türkiyəni ayağa qaldıran İstanbulun Sarıyer rayonundakı "qaçaq şir" müəmmasının təfərrüatları üzə çıxıb. İki gün boyunca ölkə gündəmini zəbt edən hadisənin əslində adi bir ev pişiyi və kamera bucağının yaratdığı illüziya səbəbindən baş verdiyi məlum olub.
"Hürriyet" nəşrinə istinadən, hadisə noyabrın 22-də günorta saatlarında bir ananın övladının evə gəlib-gəlmədiyini yoxlamaq istəməsi ilə başlayıb. Uşağına zəng çatmayan ana saat 15:30 radələrində mühafizəçidən yaşayış kompleksinin təhlükəsizlik kameralarının görüntülərinə baxmağı xahiş edib.
Kamera görüntülərini yoxlayan mühafizəçi həyətdə bir heyvan görüb. Əvvəlcə onun nə olduğunu anlamayan əməkdaş daha sonra ətrafdakılara "Bu, şir ola bilər" deyib. Ətrafdakıların da müdaxiləsi ilə bütün şübhələr məhz "şir" versiyası üzərində cəmləşib.
Hadisəni eşidən qonşular da əraziyə toplaşıb və 112 qaynar xəttinə məlumat verilib. Görüntülərin mobil telefonla çəkilmiş kadrları sosial şəbəkələrdə sürətlə yayılıb. Hadisə yerinə gələn jandarma qüvvələri təhlükəsizlik tədbirləri görüb, şiri gördüyünü iddia edən sakinlərin ifadələri dinlənilib.
Kimisi qorxudan dirəyə dırmaşdığını, kimisi qarşısından sürətlə keçən qara kölgəni şirə bənzətdiyini deyib, bəziləri isə "Gördük, bu tərəfə getdi" deyərək yaranmış ajiotajı daha da alovlandırıb. Kəndin icra nümayəndəsi belə şirin yerinin dronlarla müəyyən edildiyini və yaxalanmasının gözlənildiyini açıqlayıb.
Bundan sonra Milli Parklar Baş İdarəsi, AFAD və zoopark əməkdaşları qruplar halında axtarışlara başlayıblar. Havadan termal kameralarla izləmə aparılıb, hətta tam təchizatlı komando birlikləri də əraziyə yeridilib. Bölgə mühasirəyə alınıb, bəzi sahələrə giriş qadağan edilib və şir tutulacağı təqdirdə salınacağı qəfəs belə hazır vəziyyətə gətirilib.
Axtarışlara baxmayaraq, heyvandan heç bir iz tapılmayıb. Buna görə də noyabrın 23-də kamera görüntüləri yenidən və daha detallı şəkildə araşdırılıb.
Məlum olub ki, "şir" kimi görünən heyvan kadra saat 15:34-də daxil olub. Lakin bundan cəmi 15–20 saniyə əvvəl və sonra eyni nöqtədə, avtomobilin ətrafında adi bir pişiyin gəzdiyi qeydə alınıb. Bütün detallar birləşdirildikdə mütəxəssislər görüntülərdəki heyvanın pişik olduğu barədə yekdil rəyə gəliblər.
Araşdırma zamanı aydınlaşıb ki, kadrlarda kol kimi görünən bitkilər əslində 15–20 santimetr hündürlüyündə adi otlar imiş. Beləcə, kamera bucağı, perspektiv yanılması və monitor ekranından telefonla çəkilmiş keyfiyyətsiz görüntülərin sosial mediada yayılması bütün ölkəni iki gün ərzində "qaçaq şir" axtarışına çıxarıb.