Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi” yaradılıb.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmanla müəyyən edilib ki, Mərkəz meşəçilik sahəsində təlimlərin təşkili və keçirilməsi, meşə bitkilərinin toxum gen bankının yaradılması və idarə edilməsi, toxum nümunələrinin qorunub saxlanılması, habelə meşə bitkiləri tinglərinin yetişdirilməsi ilə məşğul olan büdcə təşkilatıdır.
Sənədə əsasən, Nazirlər Kabineti iki ay müddətində “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Prezidentin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndi nəzərə alınmaqla, Mərkəzin işçilərinin say həddini və vəzifə maaşlarını təsdiq edib dövlət başçısına məlumat verməli, qurumun maddi-texniki təminatı ilə bağlı tədbirlər görməli və Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mərkəzin nizamnaməsini və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla strukturunu iki ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, digər zəruri tədbirləri həyata keçirməlidir.
Maliyyə Nazirliyinə isə Mərkəzin fəaliyyətinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etmək tapşırılıb.