ADU-da Xalq yazıçısı Elmira Axundova ilə görüş keçirildi - FOTO

Noyabrın 24-də Azərbaycan Dillər Universitetində Azərbaycanın tanınmış yazıçısı, publisisti və ictimai xadimi, Xalq yazıçısı Elmira Axundova ilə görüş keçirilib. Görüş çərçivəsində müəllifin Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” və “Ədəbi gəzintilər: Zaman… Süjetlər… Düşüncə…” adlı kitablarının təqdimat mərasimi baş tutub.

ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən söz açıb.

Rektor çıxışında Elmira Axundovanın Azərbaycan ədəbiyyatında, publisistikasında və ictimai həyatında özünəməxsus yeri olduğunu vurğulayıb. O, müəllifin zəngin yaradıcılıq yolundan, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda tanıdılması istiqamətindəki fəaliyyətindən bəhs edib, təqdim olunan kitabların həm tarixi, həm də ədəbi baxımdan mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyev haqqında yazılmış “Heydər Əliyev – Azərbaycan multikulturalizmi siyasətinin banisi” kitabında Ümummilli liderin dövlətçilik fəaliyyəti, milli-mənəvi dəyərlərin qorunması, ölkədə multikulturalizm ənənələrinin formalaşdırılması və müxtəlif xalqların, dinlərin nümayəndələri arasında tolerantlıq mühitinin yaradılması istiqamətində həyata keçirdiyi siyasət geniş şəkildə işıqlandırılıb.

Kitabda Heydər Əliyevin zəngin siyasi irsi və Azərbaycan multikulturalizminin inkişafındakı rolu tarixi faktlar və müəllif araşdırmaları əsasında təqdim olunub.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar çıxışında Elmira Axundovanın çoxşaxəli yaradıcılığından, Azərbaycan ədəbiyyatının və publisistikasının inkişafına verdiyi töhfələrdən bəhs edib. O, müəllifin uzun illər ərzində apardığı araşdırmaların, qələmə aldığı əsərlərin, xüsusilə tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunan kitablarının əhəmiyyətini vurğulayıb.

Anar təqdim olunan nəşrlərin oxucular üçün maraqlı və dəyərli mənbə olduğunu qeyd edib.

Xalq yazıçısı Natiq Rəsulzadı çıxışında Elmira Axundovanın zəngin yaradıcılıq irsindən, onun Azərbaycan ədəbiyyatında və publisistikasında özünəməxsus mövqeyindən danışıb. O, müəllifin ədəbi və publisistik fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən əsərlərinin, xüsusilə tarixi mövzulara və görkəmli şəxsiyyətlərin həyatına həsr olunmuş araşdırmalarının əhəmiyyətini vurğulayıb. Elmira Axundovanın yaradıcılığında faktlara, tarixi həqiqətlərə və sənədlərə əsaslanan yanaşmanın xüsusi yer tutduğunu bildirib.

Qeyd olunub ki, dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və multikulturalizm siyasətinin inkişafı istiqamətində həyata keçirdiyi mühüm tədbirlər müəllifin kitabında geniş şəkildə əksini tapıb.

Vurğulanıb ki, bu cür nəşrlər Ulu Öndərin həyat və fəaliyyətinin, siyasi irsinin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Tanınmış jurnalist, ictimai xadim, ADU-nun fəxri professoru Mixail Qusman çıxışında Elmira Axundovanın yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan və Rusiya ədəbi-ictimai mühitindəki nüfuzundan danışıb.

O, müəllifin publisistik araşdırmalarının, tarixi şəxsiyyətlərə həsr etdiyi əsərlərinin əhəmiyyətini vurğulayaraq, təqdim olunan kitabların oxucular üçün dəyərli mənbə olduğunu qeyd edib.

ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov çıxışında Elmira Axundovanın ədəbi və publisistik yaradıcılığının əsas xüsusiyyətlərindən bəhs edib. O, müəllifin tarixi faktlara, arxiv materiallarına və sənədlərə əsaslanan araşdırmalarının Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb. Həmçinin təqdim olunan kitabların elmi və ədəbi dəyərinə toxunaraq, onların geniş oxucu auditoriyası üçün maraqlı mənbə olduğunu bildirib.

ADU-nun əməkdaşı, multikulturalizm məsələləri üzrə müstəqil ekspert Rəvan Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanda multikulturalizm siyasətinin formalaşması və inkişafındakı tarixi rolundan bəhs edib.

O, ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış ənənələrinin qorunmasında, tolerantlıq mühitinin möhkəmləndirilməsində Ümummilli Liderin müəyyən etdiyi siyasi xəttin əhəmiyyətini vurğulayıb. Həmçinin təqdim olunan kitabın bu siyasətin tarixi əsaslarının və Heydər Əliyevin zəngin irsinin öyrənilməsi baxımından dəyərli tədqiqat olduğunu qeyd edib.

Xalq yazıçısı Elmira Axundova görüşün yüksək səviyyədə təşkilinə görə tədbirin təşkilatçılarına, ADU-nun rəhbərliyinə və kollektivinə, eləcə də görüşdə iştirak edən qonaqlara və tələbələrə təşəkkürünü bildirib

O, göstərilən diqqət və ehtirama görə minnətdarlığını ifadə edərək, universitetdə yaradılan səmimi və yaradıcı mühiti yüksək qiymətləndirib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunması, ölkədə multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirin sonunda Xalq yazıçısı Elmira Axundova müəllifi olduğu kitabları Azərbaycan Dillər Universitetinin kitabxanasına hədiyyə edib.

Tədbir qarşılıqlı fikir mübadiləsi və iştirakçıların sualları ilə yekunlaşıb.