Ərdoğanı 14 il mühafizə edən şəxs qubernator təyin edildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı və “Rəsmi Qəzet”də dərc olunan qubernator təyinatları ilə 41 vilayətin rəhbəri dəyişdirilib. Diqqət çəkən təyinatlardan biri Karabük vilayəti ilə bağlı olub. Prezidentin Mühafizə Xidmətinin Baş İdarəsinin rəisi Ramazan Bal Karabükə qubernator təyin edilib.

Ərdoğanın baş nazirliyi dövründən etibarən mühafizə xidmətində yüksək vəzifələr tutan Ramazan Balın yeni təyinatı ilə yanaşı, 14 qubernator Daxili İşlər Nazirliyinin sərəncamına göndərilib. Karabükün hazırkı qubernatoru Oktay Çağatay isə Sivasın qubernatoru təyin olunub.

Əvvəllər Samsundakı 19 May Polis Peşə Ali Məktəbinin direktoru vəzifəsində çalışan Ramazan Bal 2012-ci ildə Ərdoğanın baş nazirliyi dövründə Baş nazirin Mühafizə İdarəsinin rəisi təyin edilib.

Ərdoğanın 2014-cü ildə prezident seçilməsindən sonra Bal Prezidentin Mühafizə İdarəsinin rəisi vəzifəsini tutub. 2019-cu il yanvarın 10-da isə Prezident Administrasiyasının Baş Katibliyinin Mühafizə Xidmətinin Baş İdarəsinin rəisi təyin edilib.

RAMAZAN BAL KİMDİR?

1964-cü ildə Giresun vilayətinin Eynesil rayonunda anadan olan Ramazan Bal 1988-ci ildə Polis Akademiyasını bitirərək komissar köməkçisi rütbəsi ilə xidmətə başlayıb. O, Ankara, Siirt və Amasyada, eləcə də Polis Baş İdarəsinin müxtəlif bölmələrində çalışıb.

1995–1998-ci illərdə Gürcüstanda diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirən Bal 2009–2010-cu illərdə Əfqanıstanda, 2011-ci ildə isə Erasmus proqramı çərçivəsində Çexiyada olub.

Qazi Universitetində dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alan Ramazan Bal Polis Akademiyasında və polis peşə məktəblərində dərslik kimi istifadə olunan iki elmi əsərin müəllifidir. O, evlidir və üç övladı var.