Netanyahu Amerikanın planını rədd etdi, Trampın kürəkənindən sərt xəbərdarlıq gəldi

ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner İsrailin hazırkı siyasətini dəyişməyəcəyi təqdirdə beynəlxalq təcrid təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

“New York Magazine” jurnalına istinadən, Kuşner İsrailin 7 oktyabr hadisələrindən sonra tarixi seçim qarşısında olduğunu deyib. Onun sözlərinə görə, ölkə təhlükəsizliyini gücləndirmək və beynəlxalq əlaqələrini genişləndirmək əvəzinə mövcud kursunu davam etdirsə, ciddi nəticələrlə üzləşə bilər.

Kuşner Qəzza zolağının gələcəyi ilə bağlı Benyamin Netanyahu ilə fikir ayrılıqlarının olduğunu da açıqlayıb. O, ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffla birlikdə HƏMAS-la danışıqlarda iştirak etdiyini, lakin Netanyahunun Amerikanın Qəzza planını dəstəkləmədiyini bildirib.

ABŞ Qəzzanın bərpası üçün 2,45 milyard dollar toplamağı planlaşdırsa da, İsrail rəhbərliyinin mövqeyi bu təşəbbüsün həyata keçirilməsini çətinləşdirib.