Coratın tarixi memarlıq abidələri yerli əhəmiyyətli tarixi abidə statusu alıb.

Bu haqda Moderator.az-a açıqlamasında Corat kənd sakini, Corat Bələdiyyəsinin sədr müavini vəzifəsini icra edən Nahid Zülfüqarov deyib:

“Corat qəsəbəsində yerləşən iki tarixi abidəmiz-Məşədi Məcid hamamı və Hacı Əmrulla bəy hamamı yerli əhəmiyyətli tarixi abidə statusunu qazandı. Bu gün bizim üçün böyük bayramdır. Biz dəfələrlə Corat sakinləri, könüllülərlə bu tarixi abidələrdə iməcliklər təşkil etmişik, buraları təmizləmişik. Bir-neçə dəfə bu haqda televiziyalar, sizin saytda başda olmaqla bir sıra media orqanları da işıqlandırıblar. Bizim səsimizi yüksək dairələrə çatdırdınız. Bizim Corat kəndinin bu tarixi abidələri ən sonda qeydiyyata düşüblər. Bizdən əvvəl bir neçə tarixi abidə təmir və bərpa üçün növbədə gözləyir. Biz yenə də bu mövzunu gündəmdə saxlayırıq ki, təmiri də tezləşdirək. Əsas odur ki, biz bu tarixi abidələrin dövlət qeydiyyatına salınması üçün əlimizdən gələni etdik” deyə o bildirib.

Nahid Zülfüqarov qeyd edib ki, Corat kəndində 4 tarixi abidə var. Bunlardan ikisi məscid (Corat Cümə məscidi, Kərbəlayı Gülxatun məscidi), ikisi isə (Məşədi Məcid və Hacı Əmrulla bəy hamamları) hamamlarıdır.