İSTAD sədri və TADEF-in mətbuat katibi Səfər Qaraqoyunlu Ermənistanın Baş naziri Nikol Paşinyana Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı çağırış edib.
Qaraqoyunlu Türkiyə-Ermənistan sərhədinin açılmasını, regional ticarətin inkişafını və Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunmasını dəstəklədiklərini bildirib.
O, Metsamor AES-in region üçün potensial təhlükə yaratdığını vurğulayaraq mümkün nüvə qəzasının Ermənistanla yanaşı, Türkiyənin İğdır, Qars, Ərdahan bölgələrinə və Azərbaycanın Naxçıvan Muxtar Respublikasına da təsir göstərə biləcəyini qeyd edib.
“Radiasiyanın milliyyəti, dini və sərhədi yoxdur. Radiasiya sərhəd tanımır”, – deyə Karakoyunlu bildirib.
İSTAD sədri Paşinyanı Metsamor AES-in bağlanması üçün beynəlxalq standartlara uyğun, şəffaf və konkret fəaliyyət planı açıqlamağa çağırıb.
“Biz Ermənistan xalqı ilə düşmənçilik deyil, dostluq və sülh istəyirik. Lakin insan həyatı siyasi bazarlıq mövzusu ola bilməz. Sərhədlər açılsın, sülh güclənsin, Metsamor bağlansın!” – deyə o vurğulayıb.