Tanımadığı insanlarla qısa söhbətlər yaşlı insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərir. Psixoloqlar bildirirlər ki, gündəlik ünsiyyət insanlarda sevinc və cəmiyyətə bağlılıq hissini gücləndirir.
"3DVF" nəşrinə istinadən, 2025-ci ildə aparılan araşdırmada 51-88 yaş arasında 48 nəfər iştirak edib. Üç ay davam edən tədqiqat zamanı iştirakçılar ictimai yerlərdə tanımadıqları insanlarla söhbət ediblər. Nəticələr göstərib ki, bu cür ünsiyyət onların gündəlik əhvalına müsbət təsir göstərir.
Tədqiqatçı Jillian Sandstromun sözlərinə görə, insanlar çox vaxt rədd edilmək və ya anlaşılmamaq qorxusundan yad insanlarla danışmaqdan çəkinirlər. Halbuki, qısa söhbətlər belə insanlarda sevinc və ətrafdakılarla bağlılıq hissini artırır.
Alimlər yaxın münasibətlərlə yanaşı, kassir, qonşu,və ya təsadüfi tanışlarla qurulan qısa ünsiyyətin də vacib olduğunu vurğulayırlar.
Araşdırmalar göstərir ki, sosial fəallıq uzunömürlülüklə də əlaqəlidir. 28 mindən çox yaşlı insanın məlumatlarının təhlili sosial münasibətləri daha sıx olan şəxslərin daha uzun yaşadığını üzə çıxarıb. Bununla belə, bu nəticələr məhz yad insanlarla söhbətlərin ömrü uzatdığını sübut etmir.
Mütəxəssislər xüsusilə tək yaşayan yaşlı insanlara gündəlik həyatlarında kiçik ünsiyyət fürsətlərindən yararlanmağı tövsiyə edirlər.