Bakıda mənzillər 2027-ci ildə də bahalaşacaq? - VACİB AÇIQLAMA

Bakıda yeni tikili mənzillərin qiymətində artımın 2027-ci ildə də davam edəcəyi gözlənilir. Torpaq sahələrinin məhdudluğu, tikinti həcminin azalması, inşaat xərclərinin yüksəlməsi və tikinti normalarının sərtləşdirilməsi daşınmaz əmlak bazarında qiymətlərə təsir göstərə biləcək əsas amillərdir.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb.

Onun sözlərinə görə, tikinti sektorunda mövcud vəziyyət yaxın dövrdə mənzil təklifinə və qiymətlərə təsir edə bilər:

"Belə ki, tikinti həcmi ötən illə müqayisədə 6,8 faiz azalıb. Bununla yanaşı, torpaq sahələrinin məhdudluğu və tikintinin maya dəyərinin yüksəlməsi də yeni layihələrin reallaşdırılmasını çətinləşdirən amillər sırasındadır".

Vüqar Oruc tikinti sahəsində normativ tələblərin sərtləşdirilməsini də qiymət artımına təsir edə biləcək məqamlardan biri kimi qiymətləndirib:

"Sadalanan amillər 2026-cı ilin sonlarında olduğu kimi, 2027-ci ilin ilk aylarında da mənzillərin bahalaşacağını deməyə əsas verir. Tikinti xərclərinin artması və bazara çıxarılan yeni mənzillərin həcminin azalması qiymətlərin aşağı düşməsini çətinləşdirə bilər.

Daşınmaz əmlakın investisiya cəlbediciliyi də qorunur. Mənzil alan şəxslər əmlakın gələcəkdə bahalaşmasından əlavə, onu kirayəyə verməklə də gəlir əldə edə bilərlər. Beləliklə, 2027-ci ildə Bakı mənzil bazarında qiymətlərin istiqamətini müəyyənləşdirəcək əsas məsələlərdən biri tikinti sektorundakı təklifin hansı səviyyədə olacağı və artan xərclərin bazara necə təsir göstərəcəyidir".