Enerji sektoru Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın tarixi baxımdan formalaşmış və bu gün də strateji əhəmiyyətini qoruyan əsas istiqamətlərindən biridir. Azərbaycanın zəngin neft-qaz təcrübəsi və enerji sənayesində formalaşmış texnoloji potensialı beynəlxalq tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mühüm imkanlar yaradır.
Vyetnamın enerji sektorunun inkişafı isə qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq istiqamətlərini aktuallaşdırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində SOCAR ilə Vyetnam Milli Neft və Qaz Şirkəti PetroVietnam arasında əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Hər iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi enerji sahəsində mövcud tarixi əlaqələrin müasir iqtisadi tələblərə uyğun davam etdirilməsi deməkdir. 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu bu istiqamətdə mühüm hüquqi və təşkilati baza formalaşdırmışdır. Sənəd neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, həmçinin mütəxəssis hazırlığı sahələrində əməkdaşlığı nəzərdə tutur. Bu istiqamətlər Azərbaycanın enerji sənayesində topladığı təcrübənin Vyetnamla paylaşılması üçün əlverişli zəmin yaradır. Eyni zamanda, tərəflər arasında texniki bilik və istehsalat təcrübəsinin mübadiləsi hər iki şirkətin fəaliyyət imkanlarını genişləndirə bilər. Enerji sektorunda əməkdaşlığın yalnız xammal ticarəti ilə məhdudlaşmaması, texnoloji və elmi istiqamətləri də əhatə etməsi xüsusi əhəmiyyət daşıyır. Belə yanaşma uzunmüddətli iqtisadi səmərəliliyin yüksəldilməsinə xidmət edir. Müasir dövrdə enerji təhlükəsizliyi anlayışı ənənəvi enerji mənbələri ilə yanaşı, bərpaolunan enerji resurslarının inkişafını da əhatə edir. Azərbaycan Günəş və külək enerjisi sahəsində layihələrin genişləndirilməsini iqtisadi inkişafın prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib.
Vyetnam biznesinin bu sahədə Azərbaycana maraq göstərməsi qarşılıqlı investisiya əməkdaşlığının yeni mərhələsinə yol aça bilər. ROX Group şirkətinin alternativ enerji layihələrində iştirak niyyəti bu baxımdan diqqətəlayiqdir. Birgə layihələrin həyata keçirilməsi investisiya axınlarının artmasına, müasir texnologiyaların tətbiqinə və enerji istehsalının şaxələndirilməsinə töhfə verə bilər. Azərbaycanın enerji sahəsində beynəlxalq tərəfdaşlıq təcrübəsi Vyetnamla əməkdaşlığın daha geniş miqyasda qurulmasına imkan yaradır. Eyni zamanda, bu münasibətlər ölkəmizin enerji diplomatiyasının Asiya istiqamətində güclənməsi baxımından da əhəmiyyətlidir. Nəticə etibarilə, SOCAR və PetroVietnam arasında əməkdaşlığın inkişafı, alternativ enerji layihələrinə investisiyaların cəlb edilməsi və texnoloji tərəfdaşlığın genişləndirilməsi Azərbaycan-Vyetnam münasibətlərinin iqtisadi məzmununu daha da zənginləşdirə bilər.