İnsan öləndən sonra da ona daş atmaqdan əl çəkmirik…
Adam hər keçən gün daha çox iyrənir, diksinir. Bəzən insanın ölümündən yox, onun ölümündən sonra başqalarının dilə gətirdiyi sözlərdən daha çox sarsılırsan.
Ölən bir insandır. Candır. Bir ailənin övladı, kiminsə dostu, kiminsə doğmasıdır. Artıq özünü müdafiə edə bilmir, cavab verə bilmir, deyilənlərə münasibət bildirə bilmir. Bəs biz nə edirik? Onun geyimini, həyat tərzini, şəxsi seçimlərini müzakirəyə çıxarıb, arxasınca hökm veririk. Bir az da irəli gedib əxlaq dərsi keçirik.
Hansısa qadın açıq-saçıq geyinirsə, bu, onun seçimidir. Sən bu seçimi bəyənməyə, öz həyatında qəbul etməyə bilərsən. Bu, sənin haqqındır. Amma bəyənmədiyin hər şeyi əxlaqsızlıq adlandırmaq, insanı geyiminə görə alçaltmaq sənin haqqın deyil.
Əxlaq insanın geyindiyi paltarın uzunluğu ilə ölçülmür. Bir insanın necə geyinməsi onun necə insan olduğunu müəyyən etmir. Ən qapalı geyinən insanın daxilində nələr yaşandığını bilmədiyimiz kimi, açıq geyinən insanın da xarakteri, vicdanı, mərhəməti haqqında geyiminə baxaraq hökm verə bilmərik.
Afrikada və dünyanın müxtəlif yerlərində yaşayan bəzi qəbilələrdə qadınlar iqlim, adət-ənənə və həyat şəraitinə görə bədənlərinin intim nahiyələrini yarpaqla örtərək yaşayırlar. Bəzi icmalarda isə geyim anlayışı bizim öyrəşdiyimiz normalardan tamamilə fərqlidir. Onların həyat tərzi budur, yaşadıqları dünya budur. İndi sən durub həmin qadınlara əxlaqsız deyə bilərsən? Onları özünün əxlaq ölçüsü ilə mühakimə edə bilərsən? Əlbəttə, yox! Çünki sən onların həyatını, şəraitini, mədəniyyətini bilmirsən. Sən sadəcə öz dünyandan baxıb hökm verirsən.
Əxlaqı ayaqların arasında axtarmağın yanlış olduğunu artıq başa düşün. Əxlaq düşüncədə olur, mənəviyyatda olur. Yəni, yuxarıda - beyin adlanan orqanda…
Bir də bu qeybət məsələsi var. Kişi qeybət etməz, etməməlidir. Xüsusilə də bir qadının arxasınca düşüb onun geyimini, şəxsi həyatını, seçimlərini müzakirə etmək kişilik deyil. Başqasının həyatını didik-didik etmək insanı böyütmür, əksinə, kiçildir.
Hər kəsin öz dünyası, öz hekayəsi, öz səbəbləri var. Biz o səbəblərin çoxunu bilmirik. Bilmədiyimiz bir həyat haqqında əminliklə hökm vermək isə nə vicdana, nə insanlığa sığır.
Heç olmasa, ölənin arxasınca danışmayın. İnsan həyatda olarkən ona hörmət etməyi bacarmadınızsa, heç olmasa ölümündən sonra rahat buraxın. Ölüm kimisə mühakimə etmək üçün fürsət deyil. Əksinə, insanın dilini, vicdanını və mərhəmətini yoxlayan ən ağır məqamdır.
İnsanlıq başqasının həyatını öz əxlaqına sığdırmaq deyil. İnsanlıq fərqli həyatlara hörmət etməyi bacarmaqdır.