Ermənistan Baş naziri köhnə Konstitusiyanı “saxta” adlandırdı

Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin dərc olunması ilə əlaqədar xalqa müraciət edib.

O, çıxışında bundan əvvəlki Konstitusiyaya dair referendumların nəticələrinin saxta olduğunu vurğulayıb.

“Yeni Konstitusiyanın qəbulu ilə vətəndaşla ölkədə formalaşmış hüquq qaydası arasında üzvi yeni əlaqə yaratmağımız lazımdır”, - Baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, bu gün də ölkədə mövcud olan hüquqi qaydalar qüvvədə olan Konstitusiyadan qaynaqlanır: “Amma vətəndaşla ölkədə formalaşmış hüquqi qaydalar arasında üzvi əlaqə mövcud deyil. Bunun səbəbi isə əvvəlki bütün konstitusiyaların ictimaiyyətin geniş şəkildə qəbul etdiyi formada, vətəndaşların azad iradə ifadəsi ilə qəbul edilməməsidir. Bu referendumların nəticələri saxtalaşdırılıb”, - o əlavə edib.

Ermənistanın yeni Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün bunun Konstitusiyadan çıxarılmasını tələb edirdi.

Bəyannamədə həmçinin qondarma erməni soyqırımı ilə bağlı məqamlar yer alır.